Məşhur futbolçu həbs edildi

Məşhur futbolçu həbs edildi

Xorvatiya milli komandasının sabiq futbolçusu Dario Şimiç turizm sahəsində aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılıb.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçu Adriatik dənizi sahilində kempinq fəaliyyətinə icazə almaq üçün qanunsuz yollardan istifadə etməkdə ittiham olunur. İddialara əsasən, söhbət Tisno şəhərində yerləşən, təxminən 30 nəfərlik qonaq və 10 çadır üçün nəzərdə tutulmuş kiçik düşərgədən gedir.

İstintaqın versiyasına görə, Dario Şimiç tikinti və fəaliyyət üçün tələb olunan icazələri turizm departamentinin sabiq rəhbəri Neda Livlyaniçin köməyi ilə qanunsuz şəkildə əldə edib.

Futbolçunun vəkili isə ittihamlarla razılaşmadıqlarını bildirib. Onun sözlərinə görə, Dario Şimiç özünü təqsirli hesab etmir və indiyədək bütün fəaliyyətini qanun çərçivəsində həyata keçirib.

Qeyd edək ki, 50 yaşlı Dario Şimiç peşəkar futbol karyerasını 2010-cu ildə başa vurub. O, "Milan"ın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin İtaliya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. Xorvatiya millisinin formasında 101 oyuna çıxan sabiq müdafiəçi 4 qolla yadda qalıb./milli.az/