Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyanın deputat mandatından imtina etməsi qərarını şərh edərkən bu addımın onun üçün gözlənilməz olduğunu və əvvəlcədən planlaşdırılmadığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Paşinyan qeyd edib ki, cənab Simonyanın parlament sədri və ya deputat olmayacağı ilə bağlı əvvəlcədən heç bir planı olmayıb və bu, onun üçün yeni bir vəziyyətdir.
Baş nazir Simonyana hər hansı təklifinin olub-olmaması ilə bağlı suala cavab verərkən vurğulayıb ki, o, bu duruma hazır deyildi. Paşinyan əlavə edib ki, əgər onun bir təklifi olsaydı, bu, onun əvvəlcədən hazırlaşdığı və hər şeyi planlaşdırdığı mənasına gələrdi, lakin o, belə bir şey düşünməyib. Baş nazir bildirib ki, vəziyyət onun üçün yenidir və o, hələ öz mövqeyini formalaşdırmalıdır.
Xatırladaq ki, Alen Simonyan parlamentdə beş illik gərgin iş rejimindən sonra bir müddət istirahət etmək və şəxsi həyatına vaxt ayırmaq istədiyini açıqlayıb, lakin aktiv siyasətdən tamamilə uzaqlaşmaq niyyətində olmadığını qeyd edib.
Sara,
NOCOMMENT.az












