Konstitusiya Məhkəməsinin seçkilərin nəticələri ilə bağlı verəcəyi istənilən qərar ölkəni yeni siyasi böhrana sürükləyəcək
Ermənistan iyulun 4-ü ərəfəsində son illərin ən kritik siyasi günlərindən birini yaşayır. Bu gün Konstitusiya Məhkəməsinin 7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı verəcəyi qərar təkcə hüquqi sənəd olmayacaq, həm də ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək dönüş nöqtəsinə çevrilə bilər.
NOCOMMENT.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda həm hakimiyyət, həm müxalifət, həm də beynəlxalq müşahidəçilər bütün diqqətlərini Konstitusiya Məhkəməsinə yönəldiblər. Qərarın açıqlanmasından dərhal sonra ölkədə etiraz aksiyalarının başlanması, siyasi qarşıdurmanın kəskinləşməsi və hətta yeni parlament seçkilərinin gündəmə gəlməsi ehtimalı istisna edilmir.

Məlumdur ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan 7 siyasi qüvvə Konstitusiya Məhkəməsinə müraciət edərək səsvermənin nəticələrinin ləğvini tələb edib. Onların arasında Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası və digər müxalif siyasi təşkilatlar yer alır.
Müxalifət hesab edir ki, seçki prosesində çoxsaylı qanun pozuntuları baş verib, bəzi seçki məntəqələrində nəticələr düzgün hesablanmayıb və Mərkəzi Seçki Komissiyası bütün şikayətləri obyektiv araşdırmayıb.
Xüsusilə "Çiçəklənən Ermənistan" Partiyasının parlamentə düşməsi üçün cəmi 200-ə yaxın səs çatışmayıb. Partiya iddia edir ki, üç seçki məntəqəsində təkrar səsvermə keçirilsəydi, nəticə tamamilə fərqli ola bilərdi.
Konstitusiya Məhkəməsinin qarşısında isə dörd seçim var.

Qanunvericiliyə görə, məhkəmə aşağıdakı qərarlardan birini qəbul edə bilər:
Mərkəzi Seçki Komissiyasının nəticələrini qüvvədə saxlamaq;
seçkilərin nəticələrini tam etibarsız elan etmək;
mandat bölgüsünü dəyişərək nəticələri qismən yenidən hesablatdırmaq;
və ya ikinci tur seçkilərin keçirilməsinə qərar vermək. Hər bir qərar ölkədə fərqli siyasi proseslərə səbəb olacaq.
Siyasi ekspertlərin əksəriyyəti hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tam şəkildə ləğv etməsi ehtimalı yüksək deyil. Bunun əsas səbəbi məhkəmənin hazırkı tərkibinin böyük hissəsinin Nikol Paşinyanın hakimiyyəti dövründə formalaşdırılmasıdır. Son illərdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi mühüm qərarlar da müxalifət tərəfindən hakimiyyətin siyasi maraqlarına uyğun qiymətləndirilib.
Bu səbəbdən bir çox analitik hesab edir ki, məhkəmə nəticələri qüvvədə saxlaya və ya yalnız texniki xarakterli bəzi dəyişikliklərlə kifayətlənə bilər.
Maraqlıdır ki, seçkilərin ləğvi ilk baxışdan hakimiyyət üçün məğlubiyyət kimi görünsə də, bu ssenari Paşinyanın maraqlarına da uyğun ola bilər.
Bu barədə Rusiya ermənilərinin saytı yekramos.org yazıb. Bildirilir ki, Son seçkilərdən sonra hökumət parlament çoxluğunu qoruyub saxlasa da, konstitusiya çoxluğunu itirib. Bununla yanaşı, seçkilərin legitimliyi ətrafında yaranan mübahisələr hakimiyyət üzərində əlavə siyasi təzyiq formalaşdırıb. Əgər yeni seçkilər elan olunarsa, Paşinyan bunu "xalqın yenidən qərar verməsi" kimi təqdim etməyə çalışacaq. Hakimiyyət bu müddətdə müxalifətin parçalanmasından istifadə edə, siyasi gündəmi yenidən formalaşdıra və daha güclü nəticə əldə etməyə çalışa bilər.
Sayt yazır ki, bu baxımdan seçkilərin ləğvi avtomatik olaraq Paşinyanın məğlubiyyəti anlamına gəlmir.
:1200.jpg)
Müxalif qüvvələr artıq bir neçə gündür ki, tərəfdarlarını səfərbər edirlər. Konstitusiya Məhkəməsinin qərarından narazı qalacaqları təqdirdə genişmiqyaslı etiraz aksiyalarının başlanacağı barədə xəbərdarlıqlar səslənir.
İrəvanda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də məhz bununla əlaqələndirilir. Siyasi müşahidəçilər hesab edirlər ki, qərar hakimiyyətin xeyrinə olarsa, müxalifət seçkilərin legitimliyini tamamilə rədd edə və küçə mübarizəsinə üstünlük verə bilər.
Ermənistanda yaranacaq istənilən daxili siyasi böhran isə təkcə ölkənin daxilində deyil, bütün Cənubi Qafqazda proseslərə təsir göstərə bilər. Azərbaycan-Ermənistan sülh danışıqları, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regionda yeni geosiyasi balansın formalaşması birbaşa İrəvandakı siyasi sabitlikdən asılıdır. Hakimiyyət daxilində yaranacaq zəifləmə və ya yeni seçki prosesi Ermənistanın xarici siyasət qərarlarının qəbulunu ləngidə, regional layihələrin icrasını gecikdirə və ölkəni uzunmüddətli daxili siyasi mübarizə mərhələsinə sürükləyə bilər.//musavat.com











