Finlandiya mülki müdafiə sistemi ölkənin "Ümumi təhlükəsizlik" konsepsiyasının ayrılmaz hissəsi olaraq dünyanın ən əhatəli və unikal strukturlarından biri hesab olunur.
NOCOMMENT.az xəbər verir ki, bu sistemin əsasında "ikili təyinatlı" infrastruktur dayanır ki, sülh dövründə idman kompleksləri, üzgüçülük hovuzları, avtomobil dayanacaqları və uşaq oyun meydançaları kimi istifadə olunan obyektlər fövqəladə vəziyyətdə 72 saat ərzində partlayışlara, radiasiyaya, kimyəvi və bioloji hücumlara davamlı tam təchizatlı sığınacaqlara çevrilə bilir.
Paytaxt Helsinkidə şəhərin təxminən 675 minlik əhalisindən çox, yəni 1 milyona yaxın insanı yerləşdirməyə imkan verən 5,5 minə yaxın sığınacaq mövcuddur. 1939-cu ildən bəri qüvvədə olan qanunvericiliyə əsasən, müəyyən ölçüdən böyük olan bütün yeni tikililərdə sığınacaqların olması məcburidir. Ümumilikdə isə ölkə üzrə 4,8 milyon nəfər tutumu olan 50,5 minə yaxın sığınacaq var ki, bunlar da özünün müstəqil enerji mənbələri, su ehtiyatları və ağır partlayışa davamlı polad qapılarla təchiz edilib.
Finlandiyanın "Ümumi müdafiə" strategiyası təkcə hərbi yox, həm də bütün cəmiyyəti əhatə edir. Ölkə ərzaq, yanacaq və tibbi təchizat kimi kritik ehtiyatlarını daim yüksək səviyyədə saxlayır, Müdafiə Qüvvələri isə böyük şirkətlərlə strateji tərəfdaşlıq edərək müharibə dövründə istehsalın dərhal hərbi relslərə keçirilməsini təmin edir. Rusiya ilə uzun sərhədlərin olması və regiondakı gərginlik fonunda Finlandiyanın bu mülki müdafiə modeli hazırda Ukrayna, NATO ölkələri və Yaxın Şərq dövlətləri üçün ən uğurlu hazırlıq nümunəsi kimi öyrənilir.
Tunar,










