Ukrayna Prezidenti Volodimir Zelenski Belarus rəhbəri Aleksandr Lukaşenkoya qarşı sərt tələblər irəli sürərək, Belarusun Rusiya ordusuna yanacaq təchizatını dayandırmasını və sərhəd boyu Rusiya qüvvələrinə dəstək verən texnikanı çıxarmasını tələb edib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu barədə iyunun 19-da keçirdiyi mətbuat konfransında açıqlama verərək, xüsusilə neft emalı sənayesi ilə bağlı vəziyyətə diqqət çəkib. O bildirib ki, Ukrayna rusların neft satmasına və öz ordularını dizel yanacağı ilə təmin etməsinə imkan verməmək üçün bütün mümkün tədbirləri görür. Belarusun hazırda Rusiya ordusunun əsas təchizatçılarından biri olduğunu qeyd edən Ukrayna lideri, bu prosesi dayandırmağın Lukaşenkonun gücü daxilində olduğunu və vəziyyətə birbaşa onun nəzarət etdiyini vurğulayıb.
Zelenski həmçinin Belarus ərazisində yerləşdirilən və Rusiya PUA-larının Ukraynaya qarşı zərbələri zamanı hədəfi dəqiqləşdirməyə kömək edən avadanlıqların çıxarılması üçün bir həftə vaxt verib. O, bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə Ukraynanın cavab tədbirləri görəcəyini açıq şəkildə ifadə edib və tələbin yerinə yetirilməsi üçün bir həftənin kifayət edəcəyini bildirib.
Ukrayna prezidenti Lukaşenkonun ona ünvanlanmış şəxsi üzrxahlıq mesajlarına da münasibət bildirərək, şəxsi xarakterli sözləri bağışlamağın mümkün olduğunu, lakin Belarusun Ukraynaya qarşı müharibədə bilavasitə və ya vasitəli iştirakını, xüsusilə Rusiya ordusuna yanacaq verməsini bağışlamağın qeyri-mümkün olduğunu vurğulayıb.
Əli Səfərli,











