Ermənistan ordusunun zabiti saxlanılıb

Ermənistan ordusunun zabiti saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin Silahlı Qüvvələrinin zabitini dövlətə xəyanətdə ittiham edərək saxlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, sözügedən zabit başqa bir ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Əməkdaşlıq barədə yazılı razılığını verən erməni zabit kod adı və təqdim etdiyi məlumatlar qarşılığında 1400 dollar əldə edib. Onun təqdim etdiyi məlumatlara xaricdə hərbi akademiyada təhsil aldığı tələbə yoldaşları, eləcə də öz hərbi hissəsinin komandir heyəti ilə bağlı informasiyalar daxil olub.

Bununla yanaşı, zabit 44 günlük müharibə zamanı istifadə olunan texnika və texnika ilə bağlı itkilər barədə məlumatları da qarşı tərəfə ötürüb.

Müharibədən sonra zabit məlumat toplamağa davam edib. 8 min dollara o, hərbi hissənin gizli döyüş xəritələrini toplayıb, lakin MTX əməkdaşları tərəfindən aşkar edildiyi üçün onları təhvil verə bilməyib.

Aprelin 20-də hərbçi dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb və əməlini etiraf edib.