Parsyan: Ermənistan iqtisadiyyatı tənəzzül edə bilər

Parsyan: Ermənistan iqtisadiyyatı tənəzzül edə bilər

“Ermənistan Rusiya-Ukrayna münaqişəsinin real iqtisadi nəticələrini 5-6 aydan sonra hiss etməyə başlayacaq. Rusiya-Ukrayna münaqişəsi dünya bazarlarında ciddi təlatümlərə səbəb olacaq. Ermənistan artıq müəyyən dərəcədə təsiri hiss etməyə başlayır. İqtisadi fəallığın tempi azaldıqca, iqtisadi aktivliyin aşağı düşməsi ilə növbəti bir neçə il ərzində də onun təsirini hiss etməyə davam edəcəyik”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.

Onun proqnozlarına görə, ümumilikdə Ermənistan iqtisadiyyatı bu il tənəzzül edə bilər.

“Hakimiyyətin siyasəti qarşımızda duran vəzifələri həll etmir, investisiya siyasəti, anti-böhran proqramı yoxdur. Hökumət indi iqtisadi problemlərdən daha çox siyasi məsələlərin həllində maraqlıdır. Belə bir şəraitdə hakimiyyət tez-tez müvafiq idarələrə şişirdilmiş rəqəmlər “sifariş verir”.

Halbuki onlar anti-böhran siyasəti hazırlamalı və pul siyasətinə yenidən baxmalıdırlar. Mərkəzi Bankın nəyin bahasına olursa olsun qiymət sabitliyini qorumaq siyasəti iqtisadiyyatımızı məhv edir.

Biz başa düşməliyik ki, valyutamız ilk növbədə rəqabətədavamlı olmalı və ixracı stimullaşdırmağa yönəldilməlidir. Kənd təsərrüfatında tənəzzülü dayandırmaq, banklara deyil, fermerlərə subsidiya verməklə artımı təmin etmək vacibdir. Həmçinin diasporun potensialından istifadə etmək vacibdir”, – Parsyan vurğulayıb.

Ekspert əmindir ki, bütün bunlar olmasa, vəziyyət 2020-ci ildən daha pis olacaq: “Həmin dövrdə qlobal iqtisadiyyatda 3% azalma fonunda Ermənistanda 7,4% geriləmə yaşanıb. Dünyada baş verən mənfi tendensiyaları və bizim üçün gözlənilən sarsıntıları nəzərə alaraq, hökumət anti-böhran idarəetmə rejiminə keçməlidir”.