Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinin Kiyevdə raket zərbəsinə məruz qalması ilə bağlı rəsmi açıqlama yayıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya tərəfi insidenti Ukraynanın hava hücumundan müdafiə sistemlərinin yanlış fəaliyyəti ilə əlaqələndirib.
Rusiya XİN-in bəyanatında bildirilir ki, Ukrayna HHM sistemləri son aylarda bir neçə dəfə yaşayış məntəqələrinə və mülki infrastruktura “öz raketlərinin düşməsi” ilə bağlı oxşar insidentlərə səbəb olub.
Nazirlik Kiyevin məsuliyyəti üzərindən atmaq üçün hər dəfə hücumu Rusiyanın üzərinə yıxdığını iddia edir.
Açıqlamada həmçinin vurğulanır ki, Rusiya tərəfi xarici diplomatik missiyaların hədəf alınmasında maraqlı deyil və belə obyektlərə zərbə endirmir. Moskva Kiyevi faktları “siyasiləşdirməməyə” və insidentlərə dair obyektiv araşdırma aparmağa çağırıb.
Hadisə Bakı-Kiyev münasibətlərində də narahatlıq yaradıb. Azərbaycan Xarici İşlər Nazirliyi artıq məsələ ilə bağlı Ukrayna tərəfinə nota təqdim edib və səfirliyin vurulması faktının dərhal araşdırılmasını tələb edib.
Qeyd edək ki, son həftələr Kiyevdə HHM sistemlərinin qeyri-sabit işi ilə bağlı müxtəlif partlayış və dağıntılar qeydə alınmış, Ukrayna rəsmiləri bunu Rusiya zərbələri ilə əlaqələndirmişdilər. Moskva isə bu iddiaları təkzib edərək problemin Ukraynanın öz hava müdafiə komplekslərinin nasazlığı olduğunu bildirir.












