İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda birbaşa danışıqların növbəti mərhələsini keçirir. Görüşlərin əsas gündəliyini İsrail ordusunun Livanın cənubundakı bəzi ərazilərdən mərhələli şəkildə geri çəkilməsi və həmin bölgələrə Livan ordusunun nəzarətinin keçirilməsi təşkil edir.
NOCOMMENT.az xəbər verir ki, razılaşmaya əsasən, sözügedən ərazilərdə Livan Silahlı Qüvvələrinin nəzarət edəcəyi xüsusi "pilot" təhlükəsizlik zonalarının yaradılması nəzərdə tutulur. Bu zonaların əsas məqsədi "Hizbullah" qüvvələrinin bölgədən tamamilə çıxarılması və həmin ərazilərdə dövlətə tabe olmayan hər hansı silahlı qruplaşmanın mövcudluğuna son qoyulmasıdır.
Layihənin uğurla icrası üçün Livan ordusunun bu zonalarda yerləşdiriləcək hərbçiləri ABŞ-nin kuratorluğu altında xüsusi təlim və yoxlama prosesindən keçiriləcəklər. Məqsəd odur ki, bölgəyə yerləşdirilən qüvvələrin "Hizbullah" və ya İranla əlaqəsinin olmadığına əmin olunsun.
Danışıqlar çərçivəsində tərəflər hansı ərazilərin ilk olaraq "pilot" zonaya daxil ediləcəyini və qoşunların geri çəkilməsi qrafikini müzakirə edirlər.
İsrail rəsmiləri isə vurğulayırlar ki, bu proses İsrailin təhlükəsizlik maraqlarına tam zəmanət verildiyi halda mümkün olacaq. Baş nazir Benyamin Netanyahu bəyan edib ki, ölkənin şimal sərhədlərində təhlükəsizlik tam təmin olunana qədər İsrail ordusu cənubi Livandakı mövqelərini tərk etməyəcək. İsrail tərəfi Livan ordusu bölgəyə daxil olsa belə, özünün əməliyyat azadlığını qoruyub saxlamaqda israrlıdır ki, bu da döyüşçülərin infrastrukturlarının bərpa olunmasının qarşısını almağa imkan versin.
Xatırladaq ki, iyunun 19-dan etibarən tərəflər arasında elan olunan kövrək atəşkəs rejiminə baxmayaraq, Vaşinqtonda aparılan danışıqlar tərəflərin uzunmüddətli sülh və təhlükəsizlik sazişinə çatmaq cəhdlərini davam etdirdiyini göstərir.
Əli Səfərli,
NOCOMMENT.az










