İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına növbəti mühüm töhfə oldu. Roma və Bakı strateji tərəfdaşlardır və on üç ildən sonra İtaliyanın Baş nazirinin Bakıya səfərinin baş tutması faktı bu əlaqələrin dərinliyini və əhəmiyyətini bir daha təsdiqləyir. Enerji və nəqliyyat infrastrukturu İtaliyanın investisiyaları dəstəkləyərək, həmçinin Azərbaycanın beynəlxalq enerji və nəqliyyat şəbəkələrinə daha sıx inteqrasiyasına töhfə verərək, həlledici rol oynaya biləcəyi və oynamalı olduğu sahələrdir.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri açıqlamasında İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, beynəlxalq ekspert Karlo Marino səsləndirib.
Onun sözlərinə görə, Meloninin Azərbaycan ilə yanaşı, Ermənistana da səfər etməsi İtaliyanın Cənubi Qafqazda sabitləşdirici rol oynamaq istəyini vurğulayır. “Roma 2026-cı ili regionun iqtisadi potensialının açılması üçün potensial olaraq “həlledici il” hesab edərək, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir. İtaliya Azərbaycan ilə əlaqələrin dərinləşməsinə bir tərəfin qazancı, digər tərəfin itkisinə bərabər olan oyun kimi deyil, Avropa təsirinin əmsalı kimi baxır. Növbəti onillikdə bu tərəfdaşlıq Avropa İttifaqının üzv olmayan dövlətlərlə “funksional inteqrasiyası” üçün şablon - lazımsız siyasi yük olmadan enerji və müdafiə sahələrində dərin institusional əməkdaşlıq formatı ola bilər”, - deyə o əlavə edib.
Karlo Marino bildirib ki, uzun illər ərzində İtaliyanın ümumi qaz idxalında “Şahdəniz” yatağından Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə təchiz edilən pay 16 faiz olub. Lakin Ciorcia Meloninin Bakıya səfəri zamanı tərəfdaşlığın çoxtərəfli struktura çevrildiyi aydınlaşıb. “Geosiyasi qeyri-sabitlik fonunda Meloninin səfəri – onun Baş nazir kimi ilk səfəri və son 13 ildə İtaliya liderinin ilk səfəri - münasibətləri rəsmi olaraq “alıcı-satıcı” modelindən qlobal çağırışlara qarşı strateji müdafiəyə yönəltdi. Prezident İlham Əliyevlə danışıqların əsas nəticəsi təchizat həcminin artırılmasına dair açıq bir öhdəlik idi. TAP hazırda ən yüksək gücdə işlədiyi üçün liderlər boru kəmərinin infrastrukturunun genişləndirilməsinin zəruriliyini etiraf ediblər. Azərbaycan Prezidenti birmənalı şəkildə bildirdi ki, Cənub Qaz Dəhlizinin son həlqəsi olan TAP-ın genişləndirilməsi sadəcə bir inkişaf variantı deyil, zərurətdir. Enerji bu qapıları açsa da, tərəfdaşlığın növbəti mərhələsi təhsil, müdafiə və sənaye sahələrində əməkdaşlıqla müəyyən ediləcək”, - deyə italyan ekspert vurğulayıb./AZƏRTAC/











