Roma-Bakı-Brüssel üçbucağı: Avropa ilə münasibətlərdə yeni səhifə

Roma-Bakı-Brüssel üçbucağı: Avropa ilə münasibətlərdə yeni səhifə

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri və Bakıda verdiyi bəyanatlar regionun geosiyasi mənzərəsində mühüm bir hərəkətliliyə səbəb olub. İtaliya baş naziri Prezident İlham Əliyev ilə mətbuata bəyanatında enerji və daşımalar sahəsini Avropanın Azərbaycanla inteqrasiyada ən həlledici rol oynaya biləcəyi iki əsas istiqamət kimi xarakterizə edib. Xüsusilə "sərmayələrə dəstək və beynəlxalq marşrutlara Azərbaycanın daha böyük inteqrasiyası" vurğusu, Romanın Bakını Avropanın strateji tərəfdaşı kimi görməkdə qərarlı olduğunu bir daha təsdiqləyir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a geniş şərh verən siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Ciorcia Meloninin Bakı səfəri Avropa İttifaqı daxilindəki "çoxsəsli" siyasətin real təzahürüdür: "İtaliya baş nazirinin bu gəlişini sadəcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş kontekstdə — Avropanın yeni enerji və logistika xəritəsinin cızılması kimi dəyərləndirməliyik. Xanım Meloninin bəyanatındakı 'Avropa daha vacib rol oynamalıdır' ifadəsi əslində İtaliyanın Bakı ilə Brüssel arasında bir növ 'körpü' rolunu üzərinə götürdüyünün işarəsidir. Hazırda Aİ daxilində Azərbaycana qarşı fərqli yanaşmalar var; bir tərəfdə ideoloji və siyasi təzyiqləri ön plana çıxaran qüvvələr, digər tərəfdə isə İtaliya kimi reallıqlara əsaslanan dövlətlər dayanır. Meloninin bu səfəri göstərdi ki, iqtisadi maraqlar və enerji təhlükəsizliyi siyasi ritorikadan daha üstündür".

Siyasi şərhçinin sözlərinə görə, bu səfər Azərbaycan-Aİ dialoqunda "buzların əriməsi" üçün kifayət olmasa da, münasibətlərin tamamilə qırılmasına mane olan ən güclü bənddir: "Meloni Bakıda həm də Avropanın gələcək logistik asılılığını — yəni Orta Dəhliz və digər qlobal daşımalar marşrutlarını müzakirə edir. Azərbaycanın bu marşrutlara inteqrasiyası Avropanın Asiya ilə əlaqələrinin sabitliyini təmin edir. Əgər İtaliyanın bu praqmatik yanaşması Aİ-nin digər lokomotiv ölkələri, məsələn, Almaniya tərəfindən də ciddi dəstək görərsə, biz yaxın perspektivdə Azərbaycanla Brüssel arasında daha konstruktiv bir mərhələyə keçidin şahidi ola bilərik. İtaliya baş naziri sübut etdi ki, strateji tərəfdaşlıq təkcə qaz kəmərləri ilə deyil, həm də qarşılıqlı siyasi etimad və bir-birinin maraqlarını anlamaqla ölçülür. Bu baxımdan, Bakı səfəri Azərbaycanın Avropa siyasətində manevr imkanlarını genişləndirən mühüm bir diplomatik uğurdur".

Tunar,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun