Pensiyaların artırılması üçün ayrılan vəsaitin HƏCMİ AÇIQLANDI

Pensiyaların artırılması üçün ayrılan vəsaitin HƏCMİ AÇIQLANDI

Azərbaycanda həyata keçirilən sosial islahatlar çərçivəsində minimum pensiya 2022-ci ilin əvvəlindən 20 faiz artırılaraq 240 manata çatdırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, orta aylıq əməkhaqqı artırıldıqdan sonra pensiyalar da indeksləşdirilib, pensiyaçılara 200 manat məbləğində maddi yardım göstərilib.

1,1 milyon pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən əlavə olaraq 352 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, 2022-ci ilin əvvəlindən əmək stajına görə mükafat alan pensiyaçılara pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardımın verilməsi nəzərdə tutulur. Bunun üçün ildə 86 milyon manat əlavə vəsait ayrılacaq.

Belə ki, bu ilin əvvəlindən pensiyaların artırılmasına ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.

Nazirlikdən bildirilib ki, ümumilikdə, 2022-ci ildə əməkhaqlarının, pensiyaların və digər sosial müavinətlərin artırılmasını nəzərdə tutan islahatlar paketi 3,4 milyon nəfəri əhatə edir və bunun üçün 2,1 milyard manat vəsait ayrılıb.
Trend