Rusiya Müdafiə Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Nəticədə bir sıra yüksəkvəzifəli şəxslərin funksional vəzifələri dəyişdirilib, yeni təyinatlar reallaşdırılıb.
NOCOMMENT.az xəbər verir ki, "Vedomosti" qəzetinə istinadən yayılan məlumata görə, ötən ilin noyabrında müdafiə nazirinin arxa cəbhə üzrə müavini təyin edilmiş general Aleksandr Sançik funksional vəzifəsini dəyişib. Yeni bölgüyə əsasən, o, silahların, hərbi və xüsusi texnikanın sifarişlərinin təşkili, həmçinin texniki təminat məsələlərini kurasiya edəcək. Məlumata görə, arxa cəbhənin komandanlığı "Mərkəz" qoşun qruplaşmasının sabiq komandanı, general-polkovnik Valeri Solodçuka həvalə olunub. Sabiq arxa cəbhə rəisi A. Sançikin xidmətinin əhəmiyyətli dərəcədə artan iş həcminin öhdəsindən gələ bilmədiyi üçün dəyişdirildiyi bildirilir. Qeyd olunur ki, arxa cəbhəyə rəhbər təyin edilən general Solodçuk 2022-ci ildən bəri bu istiqamətin artıq altıncı rəhbəridir və bu sahə Müdafiə Nazirliyinin ən problemli zonası olaraq qalır.
Digər mühüm kadr dəyişikliklərinə əsasən, 2024-cü ilin noyabrından "Şərq" qoşun qruplaşmasının komandanı olan general İvanayev Donbasa cavabdeh olan "Şərq" (və ya Mərkəz) qruplaşmasına komandan təyin edilib. İvanayevin "Şərq" qruplaşmasındakı postunu isə onun dövründə qərargah rəisi vəzifəsini tutmuş və Cənubi Donetsk və Zaporojye istiqamətlərində taktik planlar hazırlamış general Pyotr Bolqarev tutub. Eyni zamanda, "Mərkəz" qruplaşmasının qərargah rəisi Denis Lyamin Pilotsuz Sistemlər Qoşunlarına rəhbər təyin edilib ki, bu təyinatın pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki dələduzluq işləri ilə əlaqədar olduğu güman edilir. Bununla yanaşı, Pilotsuz Sistemlər Baş Komandanlığının icraçı direktoru və müavini Yuri Vəqanov tutduğu vəzifədən azad edilib.
Ekspertlərin fikrincə, son kadr dəyişiklikləri Təhlükəsizlik Şurasının katibi postunu tutmağa çalışdığı ehtimal edilən Aleksey Dyuminin komandasının ciddi şəkildə gücləndiyini göstərir.
Sara,













