Universitet hər şey demək deyil — Psixoloqdan ÇAĞIRIŞ

Universitet hər şey demək deyil — Psixoloqdan ÇAĞIRIŞ

Ali məktəblərə qəbul nəticələri artıq elan edildi. Tələbə adı qazanananların siyahısı bəllidir. Telefonlara gələn SMS bəzi ailələrdə bayrama, abituriyentlərin sevinc gözyaşlarına səbəb oldu. Qazanmayanlar da oldu, təbii. Universitetə qəbul ola bilməyən bəziləri psixoloji sarsıntı keçirir, depressiyaya düşür, bunun son olduğunu fikirləşir, həyatda üzləşdikləri ən faciəli hadisə hesab edirlər. Amma nahaq yerə. 

NOCOMMENT.az xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında universitetə daxil ola bilməyən abituriyentlərə məsləhət verib. O deyib ki, imtahanda uğur qazanmaqla yanaşı, bunun əksi ehtimalı da var:

“Hər bir nəticəyə hazır olmaq lazımdır. Kim ki, universitetə daxil olmağı, təhsil almağı həqiqətən istəyir, bunu həyatında dönüş nöqtəsi hesab edir, amma gözlədiyi nəticəni ala bilməyib, təbii ki, növbəti il yenidən cəhd edə bilər. Həvəsdən düşmək olmaz, dünyanın sonu deyil. Amma hər kim ki, universitetə valideyninə, qohumuna, dost-tanış nə deyər düşüncəsinə görə girmək istəyirsə, onda imtahandan kəsilmək onlara dərs olmalıdır. Həyatlarını doğru yöndə, bacardıqları, həvəsləri olan bir peşəyə yiyələnmək istiqamətində qurmalıdırlar. Universitet hər şey demək deyil. Kimin nəyə marağı varsa, onu oxumalı, öyrənməlidir. Buna kollecdə hər hansı peşə təhsili almaqla, sənətkar yanında sənət öyrənməklə də nail olmaq olar”.

Psixoloq valideynlərə tövsiyəni də unutmayıb:

“Valideynlər övladlarına daşıya biləcəkləri yükü versinlər. Daşıya bilmədiyi yük uşaqda tükənmişlik sindromuna, aqressiyaya səbəb ola bilər, ən sonda intihara belə apara bilər. Başa düşməliyik ki, övladımız bizim üçün hər şeydən önəmlidir – ətrafın nə dediyindən də, onun üçün çəkdiyimiz xərclərdən də. Ən əsası sağlamlıq və xoşbəxtlikdir. Hərtərəfli övladımızın yanında olmalı, onu düzgün yönləndirməliyik”.