Bu gün səhər saatlarında İranın Naxçıvana PUA-larla hücumu regionda yeni və təhlükəli gərginliyin yaranmasına səbəb olub. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın hədəfə alınması yalnız hərbi insident deyil, həm də illərdir yığılan siyasi, ideoloji və geosiyasi gərginliyin növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Uzun illərdir İranın mövcud molla rejimi Azərbaycanla münasibətlərdə ziddiyyətli və bəzən açıq şəkildə düşmənçilik elementləri olan siyasət yürüdür. Xüsusilə Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıq və Azərbaycanın güclənməsi Tehranda ciddi narahatlıq yaradıb. Naxçıvan isə bu kontekstdə xüsusi strateji əhəmiyyət daşıyır: Türkiyə ilə birbaşa sərhədi olan bu muxtar respublika həm də türk dünyasının coğrafi əlaqəsində mühüm rol oynayır.

İran rejiminin Naxçıvan istiqamətində hər hansı hərbi addım atması yalnız Azərbaycanı deyil, daha geniş regional sistemi təhdid edən bir addım kimi qiymətləndirilməlidir. Çünki tarixdə imzalanmış mühüm sənədlərdən biri olan 1921-ci il Qars müqaviləsinə görə Naxçıvanın statusu və təhlükəsizliyi xüsusi beynəlxalq zəmanətlər altındadır. Bu müqavilə çərçivəsində Türkiyənin də Naxçıvanın təhlükəsizliyi məsələsində müəyyən rol oynaya biləcəyi nəzərdə tutulur.
Bu isə o deməkdir ki, Naxçıvan istiqamətində hər hansı eskalasiya təkcə Azərbaycanla İran arasında məhdud qarşıdurma kimi qalmaya bilər. Belə bir addım regionun digər böyük aktorlarını, xüsusilə Türkiyəni də prosesə cəlb edə bilər. Bu isə Yaxın Şərq və Cənubi Qafqaz üçün yeni və daha genişmiqyaslı gərginlik riskini artırır.

Analitiklər hesab edir ki, İranın regionda sərt ritorikası və zaman-zaman nümayiş etdirdiyi hərbi təzyiq cəhdləri daha çox siyasi mesaj xarakteri daşıyır. Tehran bu yolla həm daxili auditoriyaya güc nümayiş etdirməyə, həm də regionda dəyişən balanslara təsir etməyə çalışır. Lakin belə addımların nəticələri çox zaman gözləniləndən daha təhlükəli ola bilər.
Naxçıvanın hədəfə alınması kimi hadisələr yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmir, həm də regionun onsuz da kövrək olan təhlükəsizlik balansını sarsıdır. Bu səbəbdən vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik kanalların aktivləşdirilməsi və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərilməsi son dərəcə vacibdir.
Region artıq kifayət qədər münaqişə və gərginlik görüb. Yeni qarşıdurma cəbhələrinin açılması isə nə region xalqlarına, nə də sabitliyə xidmət edir.

Əli Səfərli,
NOCOMMENT.az












