Gümrü şəhərində yerləşən "Ana Ermənistan" memorial kompleksinin təhqir edilməsi Rusiya və Ermənistan arasında yeni diplomatik gərginliyə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş vermiş hadisəni "ümumi tarixi yaddaşa qarşı məqsədyönlü hücum" adlandıraraq, rəsmi Moskvanın bu məsələ ilə bağlı kəskin narazılığını ifadə edib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəfi məsələ ilə əlaqədar Ermənistana rəsmi etiraz notası göndərib. Zaxarova çıxışı zamanı Yerevanın hadisəyə münasibətini xüsusi vurğulayaraq, Ermənistan hakimiyyətinin susqunluğunu "pis bir ənənə" kimi xarakterizə edib: "Ermənistan rəhbərliyinin bu hadisə ilə bağlı susmağa qərar verməsi təəccüb doğurur və bu, artıq xoşagəlməz bir ənənəyə çevrilir".
Rusiya tərəfi bu kimi halların iki ölkə arasındakı tarixi-mədəni əlaqələrə və ortaq keçmişə xələl gətirdiyini bildirir. Gümrüdəki hadisənin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən geniş müzakirə olunması, xüsusilə Rusiya-Ermənistan münasibətlərindəki son zamanlar müşahidə olunan soyuqluğun fonunda daha həssas qarşılanır. Hələlik Ermənistan rəsmi qurumları tərəfindən etiraz notası və Zaxarovanın bəyanatı ilə bağlı rəsmi açıqlama verilməyib.
Sara, NOCOMMENT.az












