Azərbaycanda yeni doğulan körpələr üçün nəzərdə tutulmuş küvözlərin kalibrlənməsi artıq ölkə daxilində həyata keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibbi Ölçmələr Laboratoriyasının əməkdaşlı Gülçin Yusubova deyib.
Onun sözlərinə görə, laboratoriyada quraşdırılan küvöz etibarlılıq analizatoru vasitəsilə cihazların daxilində temperatur, rütubət, səs-küy və digər göstəricilər ölçülür:
"Əvvəllər Azərbaycanda tibbi ölçmələr üzrə kalibrlənmə sistemi yox idi. Bu səbəbdən avadanlıqlar xaricə göndərilirdi. Hazırda isə həmin sistem ölkədə qurulub və buna ehtiyac qalmayıb. Yeni imkanlar səhiyyə müəssisələrinin xərclərinin azalmasına da şərait yaradacaq. Avadanlıqların xaricdə kalibrlənməsi əlavə logistika və xidmət xərcləri yaradırdı. Bu xidmətlərin Azərbaycanda göstərilməsi həm vaxt, həm də maliyyə baxımından daha sərfəlidir".
G. Yusubova qeyd edib ki, yerli kalibrlənmə imkanlarının yaradılması tibbi avadanlıqların texniki etibarlılığının artırılmasına və səhiyyə müəssisələrinin beynəlxalq standartlara uyğun fəaliyyətinə dəstək verəcək.\\plat.az











