ABŞ-nin milli təhlükəsizlik və müdafiə sistemində lətifəyə bənzər bir hadisənin üstü açılıb. Pentaqonun məxfi sənədlərinin ictimaiyyətə sızması nəticəsində məlum olub ki, amerikalı hərbçilər sıravi bir uşaq layihəsini "böyük təhdid" hesab edərək dövlət büdcəsinə ciddi ziyan vurublar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə nüfuzlu "New York Post" qəzeti Pentaqonun məxfiliyi ləğv edilmiş sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərdən aydın olur ki, 2023-cü ilin fevral ayında ABŞ hərbçiləri səmada görünən naməlum obyekti kəşfiyyat aparatı hesab edərək həyəcan təbili çalıblar. Obyektin vurulması üçün dərhal "F-16" qırıcı təyyarəsi havaya qaldırılıb və hədəf dəyəri təxminən 500 min dollar olan "AIM-9 Sidewinder" raketi ilə məhv edilib.
Lakin sonradan aparılan araşdırmalar zamanı dəhşətli və bir o qədər də gülünc həqiqət üzə çıxıb. Məhv edilən obyektin əslində bir qrup boyskauta (yeniyetmə könüllülər qrupu) məxsus kiçik hava şarı olduğu müəyyən edilib. Üstəlik, boyskautların bu kiçik şarı vurulana qədər səmada sərbəst şəkildə Yer kürəsini tam səkkiz dəfə dövr etməyi bacarıbmış.
Pentaqonun Anomal Halların Tədqiqi İdarəsinin keçmiş rəhbəri Şon Kirkpatrik mövzu ilə bağlı verdiyi şərhdə bildirib ki, həmin dövrdə baş verən Çin aerostatı (casus şarı) skandalından sonra ABŞ hərbçiləri səmada görünən hər bir naməlum obyektə qarşı həddindən artıq həssas və əsəbi reaksiya verməyə başlayıblar.
Qeyd olunur ki, bu, Pentaqonun fəaliyyətində yeganə bənzər rüsvayçı hadisə deyil. Sözügedən dövrdə ABŞ ordusu səmada daha bir neçə analoji hava şarını hədəf alıb ki, onların da hamısının sonradan həvəskar və ya elmi-tədqiqat layihələrinə aid olduğu üzə çıxıb. Hətta vurulan şarlardan birinin real bazar qiymətinin cəmi 12 dollar təşkil etdiyi bildirilir.
Əli Səfərli,
NOCOMMENT.az











