Paşinyandan mühüm bəyanat - Rusiyaya SƏRT MESAJ verildi

Paşinyandan mühüm bəyanat - Rusiyaya SƏRT MESAJ verildi

Ermənistanda parlament seçkilərinin keçirildiyi və xarici siyasət kursunun aktiv şəkildə müzakirə olunduğu bir vaxtda, hökumət başçısı Nikol Paşinyan ölkənin iqtisadi gələcəyinə təsir göstərəcək strateji xəbəri paylaşıb. Rəsmi İrəvan Avropa İttifaqı (Aİ) tərəfindən kənd təsərrüfatı sahəsində görünməmiş güzəştlər əldə etdiyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün son açıqlamasında məlumat verib.

N.Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə baş tutan telefon danışığının detallarını ictimaiyyətə açıqlayaraq bunu ölkə üçün "ən mühüm və xoş xəbər" adlandırıb: "Avropa Komissiyasının sədri Ursula fon der Lyayen telefon danışığımızda bildirdi ki, hazırda kənd təsərrüfatı və digər məhsulların ixracı ilə bağlı yaranmış süni problemlərin subsidiyalaşdırılması üçün Ermənistana təcili olaraq 50 milyon avro məbləğində dəstək veriləcək. Lakin bundan da mühüm xəbər odur ki, Ermənistan Respublikasının kənd təsərrüfatı məhsulları Avropa İttifaqına heç bir gömrük rüsumu olmadan, yəni azad gömrük rejimi çərçivəsində ixrac ediləcək".

Baş nazirin sözlərinə görə, Aİ tərəfindən təqdim olunan bu xüsusi ticarət rejimi Ermənistanın aqrar sektorunun inkişafına və ixrac coğrafiyasının şaxələndirilməsinə ciddi təkan verəcək.

Əli Səfərli,

NOCOMMENT.az