Ermənistanın hazırkı beynəlxalq vəziyyəti və onun Rusiya ilə Qərb arasında apardığı "balanslaşdırma" siyasəti xorvatiyalı geosiyasi analitik və jurnalist Matiya Şeriçin "Eurasia Review" nəşrində dərc olunan məqaləsinin əsas mövzusuna çevrilib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, müəllif Ermənistanın 2018-ci ildən bəri, xüsusilə də Nikol Paşinyanın hakimiyyəti dövründə Rusiya ilə münasibətləri soyudaraq Qərbə (Aİ və NATO) doğru meyllənməsini təhlil edib.
Məqalədə qeyd olunur ki, 2025-ci ildə Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə İrəvan-Vaşinqton münasibətləri daha da dərinləşib. Analitikin fikrincə, Tramp üçün Ermənistan strateji aktiv, xüsusilə də dəmir, mis və sink kimi faydalı qazıntı ehtiyatları ilə zəngin bir "korporativ aktiv" rolunu oynayır. Bu əməkdaşlığın əsas məqsədi Qafqazda Rusiya, İran və Çinin təsirini zəiflətməkdir. Şeriç, ötən il Trampın dəstəyi ilə imzalanan və simvolik olaraq "Trampın sülh və tərəqqi marşrutu" (TRIPP) adlandırılan Zəngəzur dəhlizi layihəsini bu əməkdaşlığın mühüm nəticəsi kimi qiymətləndirir.
Bununla belə, müəllif Paşinyanın Qərbə yönəlik siyasətinin ciddi risklər daşıdığını vurğulayır. İqtisadi ekspertlərin proqnozlarına görə, Rusiyadan enerji asılılığının qırılması və Qərbə inteqrasiya Ermənistanın ÜDM-nin 14–15% azalmasına, inflyasiyaya və ciddi resurs çatışmazlığına səbəb ola bilər. Şeriç xəbərdarlıq edir ki, Rusiyanın ucuz enerji resurslarından imtina etmək Ermənistanın dövlət büdcəsi və vətəndaşları üçün ağır maliyyə yükü yaradacaq.
Analitik hesab edir ki, Ermənistanın Qərbə doğru kəskin dönüşü olduqca riskli bir addımdır və ölkə hazırda "nazik geosiyasi buz üzərində" yeriyir. Məqalənin sonunda müəllif ABŞ-nin Ermənistana potensial Rusiya təzyiqlərinə qarşı real təhlükəsizlik təminatı verə biləcəyinə dair şübhələrini ifadə edərək, Henri Kissincerin ABŞ-nin xarici siyasəti ilə bağlı söylədiyi məşhur fikri xatırladır: "Amerikanın düşməni olmaq təhlükəli ola bilər, amma dostu olmaq isə ölümcüldür".
Əli Səfərli










