İranın İsveçrəyə "ultimatum" səfəri: Razılaşma pozulmaq ərəfəsindədir - TƏHLİL

İranın İsveçrəyə "ultimatum" səfəri: Razılaşma pozulmaq ərəfəsindədir - TƏHLİL

İran nümayəndə heyəti danışıqlar üçün İsveçrəyə yola düşüb. Heyətin tərkibinə ABŞ ilə danışıqlar qrupunun rəhbəri, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Araqçı və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati daxildir. Onları Ali Milli Təhlükəsizlik Şurası, Xarici İşlər və Neft nazirliklərinin nümayəndələri müşayiət edir.

NOCOMMENT.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın dövlət teleradio şirkətinə verdiyi müsahibədə bildirib ki, İran nümayəndə heyəti ABŞ ilə imzalanmış memorandumun müddəalarının yerinə yetirilməsini tələb etmək üçün İsveçrəyə yola düşüb. Bəqai qeyd edib ki, cümə gününə planlaşdırılan səfər iki ölkə prezidenti tərəfindən qarşılıqlı anlaşma memorandumunun rəqəmsal formatda imzalanması səbəbindən təxirə salınmışdı. İndi isə səfərin əsas məqsədi qarşı tərəfin öhdəliklərini icra etməsinə nəzarət etməkdir, çünki hər hansı bir razılaşmanın əsas meyarı onun icra mərhələsidir.

Bəqai xəbərdarlıq edib ki, əgər ABŞ İsraili Livandakı hücumlarını dayandırmağa məcbur edə bilməsə, imzalanmış memorandum tamamilə təhlükə altına düşəcək. Diplomat vurğulayıb ki, İran öz öhdəliklərini yerinə yetirsə də, qarşı tərəf sionist rejimini Livanda atəşkəsə riayət etməyə məcbur etməli idi, lakin bu məsələdə hərəkətsizlik göstərməklə razılaşmaları birbaşa pozub. Birinci bəndin pozulması bütün razılaşmanı şübhə altına alır və əgər qarşı tərəf dərhal lazımi tədbirlər görməsə, bütün razılaşmalar ciddi təhlükə ilə üzləşəcək. Bəqainin sözlərinə görə, ABŞ əvvəllər imzalanmış memoranduma uyğun olaraq öhdəliklərindən imtina edərsə və ya onların icrasına mane olarsa, İran strateji imkanlarına əsaslanaraq sərt cavab tədbirləri görəcək.

Daha əvvəl İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahı bildirmişdi ki, Tehran İsrailin Livana qarşı davam edən və ABŞ ilə imzalanmış memorandumun pozulması demək olan təcavüzü səbəbindən Hörmüz boğazını bağlayır. SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzi bölgəsindəki bütün gəmilərə təhlükə ilə üzləşməmələri üçün Hörmüz boğazına yaxınlaşmamağı xəbərdar edir. Bəyanatda vurğulanır ki, Hörmüz boğazı bağlıdır və gəmilər ona yaxınlaşmamalıdır, əks halda onların təhlükəsizliyi təhdid altında olacaq.

Bunun fonunda Pakistan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında texniki məsləhətləşmələr keçiriləcəyini elan edib. Nazirliyin bəyanatında deyilir ki, 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenştok şəhərində imzalanan "İslamabad Anlaşma Memorandumu"nun davamı olaraq texniki danışıqlar aparılacaq və müzakirələrdə ABŞ və İran nümayəndələri ilə yanaşı, Pakistan və Qətərdən olan vasitəçilər də iştirak edəcəklər.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner artıq İsveçrədədirlər və İranla danışıqlarla bağlı texniki məsələləri işləyirlər. Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News" kanalında məlumat verib. Vens bildirib ki, İran, Qətər və Pakistan nümayəndələri gəldikdən sonra danışıqların aparılmasını planlaşdırırlar və bu, artıq bazar günü baş verə bilər. Vitse-prezident qeyd edib ki, ABŞ hazırda Hörmüz boğazında gəmiçilik məsələlərini və İranın nüvə proqramının ləğvini prioritet hesab edir. O, danışıqlarda irəliləyiş olduğunu qeyd edib və tərəflərin atəşkəs rejimini qoruya biləcəyinə əminliyini ifadə edib. Vens həmçinin ABŞ-nin Tehrandan tələblərini yerinə yetirəcəyi təqdirdə İrana qarşı iqtisadi təzyiqi zəiflətməyə hazır olduğunu və İranın Hörmüz boğazını bağladığına dair hələlik heç bir sübut görmədiklərini bildirib.

Daha əvvəl Axios nəşri, İsrailin Livana hücumlarının davam etməsi səbəbindən İranın danışıqları dayandıra biləcəyini və xarici işlər naziri Abbas Araqçının danışıqlara başlamazdan əvvəl Livanda hərbi əməliyyatların tam dayandırılmasını görmək istədiyini bildirmişdi.

Əli Səfərli,

NOCOMMENT.az