Xalq artisti Tariyel Qasımov həmkarı Yasin Qarayevlə arasında illər əvvəl yaşanan qalmaqalın təfərrüatlarını açıqlayıb
.
NOCOMMENT.az xəbər verir ki, Xalq artisti “Kanal S” televiziyasına müsahibəsində vaxtilə məhz Yasin Qarayevin onu aldatması səbəbindən ərizə yazaraq teatrdan ayrıldığını bildirib:
“Teatrımıza təzə direktor gəlmişdi. Sonradan məlum oldu ki, Yasinlə arvad tərəfdən qohumdurlar. Direktor iclas keçirdi və dedi ki, yaşı 65-dən yuxarı olanlar öz ərizələri ilə işdən çıxsınlar. Yasin mənə dedi ki, gəl, ikimiz də ərizə yazaq. Oturduq, guya ikimiz də yazırıq. Mən həqiqətən ərizə yazdım, amma sən demə, o yazmayıbmış. Ertəsi gün əmr verildi ki, Tariyel Qasımov öz xahişi ilə işdən azad olunsun. Yasin isə işdə qaldı və bu gün də teatrda çalışır. Hazırda onun 80 yaşı var”.
Xalq artisti aparıcının “Yasin Qarayev niyə belə etdi?” sualına da cavab verib:
“Mən Qazax Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişəm. Dağıstanın Dərbənd şəhərində teatr yaratmışam, rəhbərlik etmişəm. Bura yeni gələn adam da hiss edirdi ki, mənə asanlıqla söz keçirə bilməz. Nəsə desəydi, cavabını alacaqdı. Ona görə belə etdilər”.
Tariyel Qasımov bildirib ki, sonradan Yasin Qarayevdən bunun səbəbini soruşub:
“Ona dedim ki, mənə “gedək ərizə yazaq demişdin, bəs sən niyə yazmadın?” Cavabı belə oldu: “Yazmayaydın. Mən səni məcbur etmişdim? Sən gördün ki, mən ərizə vermədim, amma özün tələsib yazdın””.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaşı 65-dən yuxarı olan 8 aktyor təqaüdə göndərilmişdi. Həmin siyahıda Tariyel Qasımovla yanaşı Xalq artistləri Firəngiz Şərifova, Solmaz Qurbanova, Ağaxan Salmanlı, həmçinin Əməkdar artistlər Rafiq Hüseynov, Lətifə Əliyeva, Sona Babayeva və Nazim İbrahimov da yer almışdı. (Musavat.com)











