Dünyanın gözü bu sammitdə - MÜHÜM GÖRÜŞ başladı - İLK GÖRÜNTÜLƏR

Dünyanın gözü bu sammitdə - MÜHÜM GÖRÜŞ başladı - İLK GÖRÜNTÜLƏR

ABŞ, İran, Qətər və Pakistan nümayəndə heyətləri İsveçrənin Bürgenştok şəhərində dördtərəfli sammit çərçivəsində bir araya gəlib. Görüşlərdə regional təhlükəsizlik, enerji məsələləri, iqtisadi sanksiyalar və Livandakı atəşkəsin gələcəyi müzakirə olunur.

NOCOMMENT.az xəbər verir ki, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Vens, İran tərəfinə isə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir.

Qətər və Pakistan isə danışıqlarda vasitəçi qismində iştirak edir.

İran rəsmiləri İsrailin Livandakı hərbi əməliyyatlarının davam etməsi halında ABŞ ilə əldə olunan razılaşmanın həyata keçirilməsinin mümkün olmayacağını bəyan ediblər. Tehran atəşkəsin pozulması məsələsini danışıqların əsas gündəm mövzularından biri kimi gündəmə gətirəcəyini açıqlayıb.


Vaşinqton isə görüşlərin əsas məqsədinin Hörmüz boğazının yenidən açılması, İran neftinə tətbiq olunan sanksiyaların yumşaldılması və İranın xaricdə dondurulmuş aktivlərinin sərbəst buraxılması olduğunu bildirib. Lakin Livanda yenidən artan gərginlik səbəbindən atəşkəs məsələsi də prioritet mövzulardan birinə çevrilib.

Ceyms Vens görüşlər öncəsi açıqlamasında, “Nüvə məsələsi və Livandakı atəşkəs istiqamətində irəliləyiş əldə etməyə ümid edirik. Hazırda diqqətimizi cəmlədiyimiz iki əsas məsələ bunlardır”, - deyə bildirib.

Danışıqlar ərəfəsində İranın Hörmüz boğazını bağlı saxlamaq qərarı da diqqət çəkib. Tehran ABŞ-ın İsrailə kifayət qədər təzyiq göstərmədiyini və Livandakı toqquşmaların davam etdiyini əsas gətirərək boğazın açılmasını təxirə salıb.


Dünya neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazının bağlı qalması qlobal enerji bazarlarında narahatlığı artırıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl boğazın açılmamasının qlobal iqtisadiyyat üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.

İran Prezidenti Məsud Pezeşkian isə ölkə daxilində müzakirələrə dair tənqidlərə baxmayaraq, razılaşmanın İranın maraqlarına uyğun nəticələr verəcəyini bildirib. O, ABŞ-ın əsas tələbinin İranın nüvə silahı əldə etməməsi olduğunu qeyd edərək, Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, səhər saatlarında vasitəçi ölkələrlə ayrıca görüşlər keçiriləcək, günün ikinci yarısında isə ABŞ, İran, Qətər və Pakistanın iştirakı ilə əsas dördtərəfli iclas baş tutacaq.

İran nümayəndə heyəti danışıqların gecə saatlarınadək davam edəcəyini və hazırda əlavə müzakirə gününün nəzərdə tutulmadığını açıqlayıb.

Sara
NOCOMMENT.az