İranın dini lideri Müctəba Xameneinin səhhətinin kritik olduğu barədə iddialar fonunda Mehr Xəbər Agentliyi onun sağlam göründüyü video yayımlayıb.
NOCOMMENT.az xəbər verir ki, görüntülərin nə vaxt çəkildiyi isə açıqlanmayıb.
Bu da videonun yeni, yoxsa əvvəlki tarixə aid olması ilə bağlı suallar yaradıb. Sosial şəbəkələrdə görüntülərin hətta süni intellektlə hazırlanmış ola biləcəyi barədə təsdiqlənməmiş iddialar da səsləndirilib.
İsrail mediası cümə günü Xameneinin səhhətinin “son dərəcə kritik” olduğunu iddia edib.
Müctəba Xamenei atasının – Ayətullah Əli Xameneinin 28 fevralda ABŞ-İsrail birgə hücumu nəticəsində öldürülməsindən sonra İranın yeni dini lideri olub.
Xəbərlərə görə, Müctəba Xamenei vəzifəyə başladıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb və mesajlarını əsasən yazılı açıqlamalarla çatdırıb. Bəzi mənbələr onun hücumlar zamanı yaralandığını və yüksək vəzifəli şəxslərlə vasitəçilər üzərindən əlaqə saxladığını iddia edib. İran rəsmiləri isə onun xəsarətlərinin səthi olduğunu və mühüm qərarlara nəzarəti davam etdirdiyini bildiriblər.
İran Prezidenti Məsud Pezeşkiyanın Xamenei ilə birbaşa əlaqənin hazırda “çox çətin” olduğunu deməsi də şayiələri gücləndirib.
Mehr agentliyinin yayımladığı son video Xameneinin sağlam olduğunu göstərsə də, çəkiliş tarixinin açıqlanmaması onun hazırkı vəziyyəti barədə suallara tam cavab vermir.
Hazırda videonun nə vaxt çəkildiyi və Xameneinin real səhhət vəziyyəti ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur.
Sara
NOCOMMENT.az












