Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Cansevər dünyasını dəyişib.
NOCOMMENT.az-ın məlumatına görə, 2025-ci ilin sonunda leykemiya diaqnozu qoyulan sənətçi Almaniyada müalicə alırdı.
O, 26 mart 2026-cı ildə sümük iliyi nəqli əməliyyatı keçirmiş, transplantasiyadan sonra müalicəsini davam etdirmişdi.
Canseverin vəfatından sonra onun son paylaşımı gündəmə gəlib. Sənətçi həmin paylaşımında səhhətinin ağır olduğunu, danışmaq və yazmaqda çətinlik çəkdiyini, davamlı venadaxili maye, antibiotik və dərman qəbul etdiyini bildirmişdi.
O, pərəstişkarlarına müraciətində belə yazmışdı: “Qan təzyiqim düşür, qızdırmam qalxır. Bu, sabitləşənə qədər xahiş edirəm, mənim üçün dua etməyi dayandırmayın. Sizdən başqa heç nə istəmirəm”.

Qeyd edək ki, Cansever Türkiyədə 1997-ci ildə İbrahim Tatlısesin aparıcısı olduğu “İbo Şou” proqramında çıxış etdikdən sonra geniş tanınıb. “Kara Çadır”, “Cemalim”, “Ağla Gözbebeğim”, “Sen de Gittin” və “Kime Bu İnat” kimi mahnıları ilə böyük auditoriya qazanıb.
Əsl adı Dzansever Dalipova olan sənətçi 8 iyul 1967-ci ildə Şimali Makedoniyanın Veles şəhərində anadan olub. Uşaqlıqda keçirdiyi qəza nəticəsində bir gözünü itirib.
Canseverə 1994-cü ildə ankilozlaşdırıcı spondilit diaqnozu qoyulub. Xəstəlik səbəbindən uzun illər ciddi fiziki problemlər yaşayan sənətçi 2009-cu ildə kifoz əməliyyatı keçirib və bundan sonra musiqi fəaliyyətini davam etdirib.
Lakin son illərdə leykemiya ilə mübarizə aparan sənətçi bütün müalicələrə baxmayaraq 59 yaşında həyatını itirib.
Sara
NOCOMMENT.az












