İsrail mediası Türkiyənin Suriyada hərbi, iqtisadi və siyasi təsirini əhəmiyyətli dərəcədə artırdığını iddia edib.
NOCOMMENT.az xəbər verir ki, “Maariv” qəzeti Türkiyənin Suriyanın şimal-qərbində 20 mindən çox əsgər və təhlükəsizlik əməkdaşı saxladığını bildirib.
Qəzetin iddiasına görə, Ankara Dəməşq administrasiyası ilə müdafiə, ticarət, enerji, nəqliyyat, infrastruktur və investisiya sahələrində əməkdaşlığı genişləndirir.
Məlumata görə, 2025-ci ilin avqustunda Türkiyə ilə Suriya arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin terrorizmlə mübarizə, mina təmizləmə, kibermüdafiə, hərbi mühəndislik və logistika sahələrini əhatə etdiyi bildirilir.
İsrail mediası Türkiyənin Suriya ordusunun yenidən qurulmasında da fəal iştirak etdiyini iddia edib. Türkiyəli hərbi məsləhətçilərin Suriya ordusunun komandanlıq strukturu və döyüş doktrinasının formalaşdırılmasına kömək etdiyi, Ankaranın isə Dəməşqə hərbi attaşe təyin etdiyi bildirilib.
“Maariv” qəzeti Türkiyə ilə Suriya arasında əməkdaşlığın yalnız hərbi sahə ilə məhdudlaşmadığını qeyd edib. Qəzetin yazdığına görə, tərəflər ticarət, enerji, nəqliyyat, infrastruktur və investisiya istiqamətlərində də geniş əməkdaşlığa hazırlaşır.
İsrail mediası hesab edir ki, Türkiyənin artan təsiri Suriyada yeni regional güc balansının formalaşmasına səbəb ola bilər. “Maariv” Türkiyənin İranın bölgədəki təsirinin bir hissəsini doldura və Suriya üzərindən yeni regional ox formalaşdıra biləcəyini iddia edib.
Qeyd olunan məlumatlar İsrail mediasının iddialarına əsaslanır və Türkiyə tərəfindən bu rəqəmlər və qiymətləndirmələr barədə ayrıca rəsmi təsdiq verilməyib.
Sara
NOCOMMENT.az











