Arvadından şübhələndi, keşişi öldürtdü – keçmiş baş nazirin oğlu saxlanıldı

Arvadından şübhələndi, keşişi öldürtdü – keçmiş baş nazirin oğlu saxlanıldı

Ermənistanda keçmiş baş nazir Ovik Abrahamyanın oğlu, Artaşatın keçmiş rəhbəri və sabiq deputat Arqam Abrahamyan sifarişli qətlə təhrik etməkdə şübhəli bilinərək saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, söhbət 30 aprel 2023-cü ildə İrəvanın Myasnikyan prospektində törədilmiş qətldən gedir. İstintaq və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin sifarişçisi olduğu ehtimal edilən şəxslə bağlı faktiki məlumatların əldə edildiyi bildirilir.

İstintaqın versiyasına əsasən, Arqam Abrahamyan həyat yoldaşı Emma Tsarukyanın “Yevangelist inanc xristianları” dini təşkilatının üzvü və ruhani pastor olan S.V. ilə şəxsi münasibətlərinin olmasından, həmçinin ona böyük məbləğdə pul verməsindən şübhələnib.

Bildirilir ki, Abrahamyan qisas almaq məqsədilə S.V.-ni öldürmək qərarına gəlib. Lakin istintaqın versiyasına görə, o, qətli şəxsən törətməyib və maliyyə, eləcə də şəxsi baxımdan özündən asılı olan mühafizə xidmətinin əməkdaşı G.A.-ya bu barədə göstəriş verib.

İstintaqın məlumatına görə, G.A. tapşırığı sifariş kimi qəbul edib və 30 aprel 2023-cü ildə İrəvan şəhəri, Myasnikyan prospekti 2 ünvanındakı yaşayış binasının qarşısında S.V.-ni odlu silahla öldürüb.

Cinayət işi çərçivəsində müstəntiqin vəsatəti və nəzarətçi prokurorun qərarı əsasında Arqam Abrahamyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 46-155-ci maddəsinin 2-ci hissəsinin 11-ci bəndi – sifarişli qətlin törədilməsinə təhrik etmə üzrə cinayət təqibi başlanıb.

8 avqust 2026-cı ildə Arqam Abrahamyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdim edilməsi nəzərdə tutulub.

Qətli törətməkdə ittiham olunan G.A. barəsində isə daha əvvəl qətl və qanunsuz odlu silah dövriyyəsi maddələri üzrə cinayət təqibi başlanıb. Onunla bağlı cinayət işi 2024-cü ilin aprelində ittiham aktı ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, Arqam Abrahamyan Ermənistanın keçmiş baş naziri Ovik Abrahamyanın oğludur. Onun keçmiş həyat yoldaşı Emma Tsarukyan isə erməni iş adamı və keçmiş deputat Qagik Tsarukyanın qızıdır. Arqam Abrahamyan daha əvvəl Artaşat icmasının rəhbəri və Ermənistan parlamentinin deputatı olub./Musavat.com/