Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü – RƏSMİ AÇIQLAMA

Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü – RƏSMİ AÇIQLAMA

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.

Bu barədə NOCOMMENT.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

“Aprelin 3-ü saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 4 aprel tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, azyaşlı aprel ayının 1-i saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 2 aprel tarixində evə buraxılmışdı.

Əlavə edək ki, digər beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir”.

***

Sumqayıt şəhərində bir ailənin altı üzvünün dəm qazından zəhərlənməsi ilə nəticələnən ağır bədbəxt hadisə baş verib.

Hadisə şəhərin “Xəzri bağları” yaşayış massivində qeydə alınıb. Gecə saatlarında qəfil baş verən sızma ailə üzvlərinin vəziyyətinin kəskin pisləşməsinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılsa da, faciənin qarşısını tam almaq mümkün olmayıb. Ailənin ən kiçik üzvü, cəmi 2 yaşlı Gülcənnətin həyatını xilas etmək həkimlərin bütün səylərinə baxmayaraq mümkün olmayıb. Digər 5 ailə üzvünün vəziyyəti isə hazırda nəzarət altındadır və müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. Mütəxəssislər dəm qazı təhlükəsinə qarşı vətəndaşları bir daha diqqətli olmağa, qızdırıcı cihazların sazlığını mütəmadi yoxlamağa çağırır.

Aliyə,
NOCOMMENT.az