Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA - Həmin paraşüt...

Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA - Həmin paraşüt...

Bəzi media resurslarında həlak olan Azərbaycan ordusunun hərbçisi Quliyev Ələkbər Rizvan oğlunun paraşütdən yerə yıxılması anını əks etdirdiyi idda olunan görüntülər yayılıb.

NOCOMMENT.az-ın məlumatına görə, paylaşılan videonun araşdırılması nəticəsində müəyyən olunub ki, görüntülər bir neçə ay əvvəl xarici ölkələrdən birində baş vermiş hadisəyə aiddir.

Ayrı-ayrı media resursları və sosial şəbəkə istifadəçiləri həssas hərbi mövzulardan istifadə edərək daha çox baxış sayı və reytinq əldə etmək məqsədilə həmin köhnə görüntüləri yanlış təqdim etmiş, onları Azərbaycan Ordusu ilə əlaqələndirərək həqiqəti əks etdirməyən məlumatlar yayıblar.

Videoda əks olunan hərbi nəqliyyat təyyarəsi C-130 tipli turbopərvanəli təyyarədir. Azərbaycan Müdafiə Nazirliyinin balansında bu tip hərbi nəqliyyat təyyarəsi mövcud deyil.

Həmçinin videoda görünən paraşüt sistemi də Azərbaycan Ordusunun silahlanmasında istifadə olunan paraşüt növlərinə aid deyil.

Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olduğu barədə iddialar həqiqəti əks etdirmir. Bu cür dezinformasiya cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir.

Media subyektləri və sosial media istifadəçiləri hərbi mövzularla bağlı məlumatları yayarkən yalnız rəsmi və etibarlı mənbələrə istinad etməli, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməlidirlər.