Ucarda dəmir yolundan tapılan körpəyə Tapdıq adı qoydular

Ucarda dəmir yolundan tapılan körpəyə Tapdıq adı qoydular

Rayon icra hakimiyyətindən verilən məlumata görə, prosesin uzanmasına səbəb körpənin sənədlərinin hazırlanması olub.

Ötən ayın 12-də Ucarda selafon torbaya qoyularaq dəmir yolunun kənarındakı istifadəsiz tikiliyə atılan yeni doğulmuş körpənin taleyi qaranlıq olaraq qalır.

26 gün əvvəl yerli sakinlər tərəfindən tapılaraq Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpə hələ də ortalıqda qalıb.

NOCOMMENT.az xəbər verir ki, əkimlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, körpənin tapıldığı gündən hansısa müayinə və müalicəyə ehtiyacı olmasa da, bu günə qədər onu aidiyyatı üzrə təhvil verə bilməyiblər.

Hazırda Ucar rayon Mərkəzi Xəstəxanasının yeni doğulmuşlar fizioloji palatasında qalan körpəyə həkimlər Tapdıq adı veriblər.

Xəstəxanın baş direktoru tərəfindən körpə xüsusi nəzarətə götürülüb, gündəlik qidalanma və geyim ləvazimatları ilə təmin olunub.

Doğum şöbəsinin tibb bacıları tərəfindən körpəyə lazımı qayğı göstərilir. Mövcud vəziyyətlə bağlı xəstəxananın rəhbərliyi tərəfindən körpənin lazımi müəssisəyə yerləşdiriliməsi üçün rayon icra hakimiyyətinə müraciət edilib.

Ucar rayon icra hakimiyyətindən verilən məlumata görə, prosesin uzanmasına səbəb körpənin sənədlərinin hazırlanması olub. Artıq bu işlər yekunlaşıb, uşağa doğum haqqında şəhadətnamə hazırlanıb.

Növbəti günlərdə yeni doğulmuşun Bakıdakı uşaq evlərindən birinə köçürülməsi planlaşdırılır./Azerforum