Naxçıvanda məktəbə pilotsuz uçuş aparatı ilə edilən hücumun üzərindən artıq iki gün keçir. Hadisə baş verən andan etibarən həm rəsmi qurumlar, həm də cəmiyyət bu məsələyə ciddi reaksiya verdi, faktlar araşdırıldı, hadisənin detalları ictimaiyyətə təqdim olundu. Artıq məlumdur ki, hücum İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatı ilə həyata keçirilib və bu hadisənin arxasında İranın hərbi-siyasi strukturlarının, o cümlədən SEPAH-a bağlı qüvvələrin dayandığı barədə faktlar ortaya çıxıb. Lakin belə hallarda adətən olduğu kimi, hadisənin özü qədər onun ətrafında yaradılmağa çalışılan informasiya təxribatları da diqqət çəkir. Son iki gündə sosial şəbəkələrdə yayılan bəzi iddialar göstərdi ki, Azərbaycanın üzləşdiyi təhlükə təkcə hərbi və ya terror xarakterli deyil, eyni zamanda informasiya müstəvisində də ciddi manipulyasiya cəhdləri mövcuddur.
Məhz belə bir məqamda növbəti “sensasiya” ilə çıxış edən şəxslərdən biri də özünü analitik kimi təqdim edən Rahim Şıxəliyev oldu. Onun sosial şəbəkələrdə yaydığı iddia isə o qədər primitiv və gülünc səviyyədədir ki, insan bir anlıq düşünür: doğrudanmı bu qədər sadə manipulyasiyanın kimisə inandıracağına ümid edirlər?
Şıxəliyev iddia edir ki, guya Naxçıvanda məktəbə hücum edən pilotsuz uçuş aparatının üzərində Azərbaycan dilində yazı olub. Məqsəd də çox aydındır: hadisəni guya Azərbaycanın özü təşkil edibmiş kimi təqdim etmək və bunun üzərindən “təxribat” hekayəsi qurmaq. Bu tip narrativlər artıq illərdir tanışdır – sadəcə müəlliflər dəyişir, ssenari isə eyni qalır. Üstəlik, bu cür iddialar faktiki olaraq İranın məsuliyyətini ört-basdır etmək və diqqəti başqa istiqamətə yönəltmək məqsədi daşıyır.
Lakin məsələ ondadır ki, bu “sensasion kəşfin” əsaslandığı foto elə Şıxəliyevin öz paylaşımında yer alır. Və həmin fotoya diqqətlə baxan hər kəs dərhal görür ki, pilotsuz aparatın qalıqlarının yanında üzərində “Azərbaycan Şəkər İstehsalat Birliyi” yazılmış adi bir şəkər kisəsi var. Hadisə yerində PUA-nın qalıqları sadəcə olaraq həmin kisəyə yığılıb. Yəni yazı dronun üzərində deyil, qalıqları toplamaq üçün istifadə olunan kisənin üzərindədir.
Beləliklə, “böyük ifşa”nın sirri açılır: bir şəkər kisəsi “dronun üzərində yazı” kimi təqdim olunur. Sözün həqiqi mənasında informasiya manipulyasiyasının ibtidai sinfi. Əgər bu, dezinformasiyanın “yüksək texnologiyalı” versiyasıdırsa, deməli propagandanın texniki səviyyəsi də ciddi böhran yaşayır.
Əslində bu hadisə informasiya müharibəsinin nə qədər primitiv metodlarla aparıldığını bir daha göstərdi. Bir şəkər kisəsini “dron üzərində yazı” kimi təqdim etmək üçün ya insanları tamamilə savadsız hesab etmək lazımdır, ya da auditoriyanı yalnız emosional şüarlarla idarə olunan kütlə kimi görmək. Görünür, Şıxəliyev və onun arxasında duran təbliğat mərkəzləri məhz ikinci variantın işləyəcəyinə ümid ediblər.
Ən maraqlısı isə budur ki, bu iddia dərhal bəzi erməni və İran yönümlü radikal informasiya kanalları tərəfindən tirajlandı. Heç bir yoxlama aparılmadan, faktların elementar təhlili edilmədən eyni tezis təkrarlandı: guya Azərbaycan özü “təxribat” hazırlayıb. Halbuki həmin fotoya bir neçə saniyə diqqətlə baxmaq kifayət edir ki, bütün “süjet xətti” dağılsın. Üstəlik, bu cür manipulyasiyalar əsl hücumun mənbəyini – İran ərazisindən buraxılmış PUA faktını və SEPAH-la əlaqəli strukturların məsuliyyətini kölgədə qoymağa hesablanmış cəhd kimi görünür.
Bu hadisə bir daha göstərir ki, Azərbaycana qarşı informasiya hücumları yalnız siyasi bəyanatlar və ya diplomatik mübahisələr səviyyəsində aparılmır. Bəzən bu hücumlar sosial şəbəkələrdə yayılan primitiv manipulyasiyalar şəklində də ortaya çıxır. Məqsəd isə dəyişmir – Azərbaycanı günahkar göstərmək, beynəlxalq ictimaiyyətdə şübhə yaratmaq və hadisələrin mahiyyətini təhrif etmək.
Amma belə hallarda ən böyük problem təxribatın özündə deyil, onun səviyyəsindədir. Çünki ciddi propaganda belə müəyyən intellektual səviyyə tələb edir. Bir şəkər kisəsini “dronun üzərində yazı” kimi təqdim etmək isə artıq propaganda deyil, daha çox siyasi satiranın mövzusudur.
Bütün bunların fonunda Rahim Şıxəliyevin “analitik” fəaliyyəti daha çox sosial şəbəkə memlərini xatırladır. İnformasiya müharibəsində iştirak etmək istəyən adam ən azı fotoşəkildə nəyin nə olduğunu ayırd etməyi bacarmalıdır. Əks halda ortaya çıxan məhsul təbliğat yox, sadəcə gülüş obyektinə çevrilir.
Reallıq isə çox sadədir: Azərbaycana qarşı yönələn informasiya təxribatları yeni deyil və bundan sonra da davam edə bilər. Lakin hər belə cəhd bir daha göstərir ki, faktlar qarşısında ən gurultulu saxtakarlıq belə çox tez ifşa olunur. Bəzən isə bunun üçün uzun araşdırmaya belə ehtiyac olmur – bir şəkər kisəsinə diqqətlə baxmaq kifayətdir.
Əli Səfərli,
NOCOMMENT.az












