Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin Azərbaycanı müdafiə etmədiyi barədə yayılan iddialar təkzib olunub.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Ədalət və İnkişaf Partiyasının (AK Parti) millət vəkili Zeynəb Yıldız jurnalist Nigar Ögedaya xüsusi açıqlama verib.
"Azərbaycanın yoxluğunda bu müzakirələr doğru deyil"
Qurumun Estoniyada keçirilən toplantısında rəsmi Bakıya qarşı qəbul edilən qətnamələri kəskin pislədiyini bildirən Zeynəb Yıldız, Türkiyənin hər zaman qardaş ölkəni dəstəklədiyini vurğulayıb:
"Sırf Azərbaycanla bağlı hesabat üçün Estoniyadakı toplantıya qatıldım. Orada açıq şəkildə bildirdim ki, Azərbaycanın yoxluğunda belə bir qətnamənin müzakirə edilməsi doğru deyil."
AŞPA-dakı ikiüzlü yanaşmaya sərt cavab
İclas zamanı ukraynalı deputat Sergey Vasilenkonun “Azərbaycan nə üçün AŞPA-da təmsil olunmur?” sualına cavab olaraq yenidən söz aldığını deyən Zeynəb Yıldız, assambleyanın qeyri-obyektiv mövqeyini ifşa etdiyini qeyd edib:
"Mən bu suala cavab olaraq təkrar söz haqqı aldım və dedim: 'Azərbaycanlı millət vəkillərinin AŞPA-dakı səlahiyyətlərini siz müzakirəyə açdınız və onlar da bu qurumu tərk etmək məcburiyyətində qaldılar. Bunu edən sizsiniz. İndi isə onları günahlandıra bilməzsiniz!'"
"Biz burada Azərbaycan üçün varıq"
Türkiyəli deputat reqlament məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın müdafiəsi üçün bütün imkanlardan istifadə etdiyini vurğulayıb:
"Bugünkü müzakirələrdə də yenə Azərbaycana qarşı tənqidlər səsləndirilirdi. Eyni mövzuda eyni deputatların təkrar çıxış etmək hüququ olmadığı üçün özümə fərqli bir mövzu seçdim. Dolayı yolla, iki dəqiqəlik çıxışımın bir dəqiqəsini tamamilə Azərbaycanın müdafiəsinə həsr etdim. Biz hər zaman burada Azərbaycan üçün varıq! Türkiyə və Azərbaycan 'iki dövlət, tək millət'dir."










