Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, qanuna əsasən, Rusiya vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumu 4 200 rubldan 50 min rubla (təxminən 1090 manat) qaldırılıb. Yaşayış icazəsinin verilməsi üçün rüsum 6 min rubldan 30 min rubla (654 manat), müvəqqəti yaşayış icazəsinin (RVP) verilməsi üçün isə 1 920 rubldan 15 min rubla (327 manat) çatdırılıb.
Yeni qaydalara görə, ölkəyə giriş üçün dəvətnamənin rüsumu hər şəxs üçün 960 rubldan 8 min rubla (174 manat), təhsil almaq məqsədilə giriş rüsumu isə 1 920 rubldan 8 min rubla (174 manat) yüksəldilib. Giriş-çıxış vizalarının qiyməti 1 200 rubldan 2 min rubla (44 manat), çoxdəfəlik vizalar üçün isə 1 920 rubldan 6 min rubla (131 manat) qaldırılıb. Xarici işçilərin cəlb edilməsi üçün icazə rüsumu isə 12 min rubldan 15 min rubla (327 manat) çatıb. Sənədlərin itirilməsi və ya korlanması ilə bağlı yenidən verilməsi üçün də müvafiq rüsumlar müəyyən edilib.
Qanunda bəzi güzəştlər də nəzərdə tutulub. Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən xarici mütəxəssislər, elm və mədəniyyət xadimləri, həmçinin onların ailə üzvləri yaşayış icazəsi rüsumundan azad olunurlar. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan xarici vətəndaşlara Rusiya vətəndaşlığı tamamilə ödənişsiz veriləcək.
Sara,










