Son illər Ramazan ayı yaxınlaşdıqca sosial şəbəkələrdə və müxtəlif elan platformalarında “1 aylıq Ramazan dietası”, “oruc zamanı arıqlama proqramı”, “iftar-sahur menyusu ilə ideal çəki” kimi təkliflərin sayı sürətlə artır.
Bir çox dietoloq və sağlam qidalanma mərkəzi xüsusi qruplar yaradaraq insanlara hazır menyular təqdim edir, ay ərzində nə yeməli olduqlarını planlaşdırır və nəticə vəd edir.
Bu vəziyyət isə cəmiyyətdə haqlı sual yaradır: bu Ramazan menyuları nə dərəcədə sağlamdır və həqiqətən fayda verirmi?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan dietoloq Ləman Muradova bildirib ki, Ramazan ayı orqanizm üçün həm istirahət, həm də düzgün idarə olunmadıqda ciddi stress dövrü ola bilər:
“Gün ərzində uzun saatlar ac qalmaq maddələr mübadiləsinə, qan şəkərinə, təzyiqə və ümumi enerji balansına birbaşa təsir göstərir. Bu səbəbdən Ramazan üçün tərtib olunan menyular adi dietalardan fərqli və xüsusi yanaşma tələb edir”.
Onun sözlərinə görə, bir çox “1 aylıq Ramazan dietası” proqramı ümumi şablon üzərində qurulur və fərdi xüsusiyyətlər nəzərə alınmır:
“Yaş, çəki, boy, xroniki xəstəliklər, fiziki aktivlik səviyyəsi və hətta insanın iş rejimi belə çox vaxt hesaba alınmır. Halbuki eyni menyu bir nəfər üçün faydalı olduğu halda, digəri üçün halsızlıq, başgicəllənmə və həzm problemlərinə səbəb ola bilər.
Ramazan dietası ilə bağlı yaradılan qruplarda adətən iştirakçılara sahur və iftar üçün hazır siyahılar təqdim olunur. Bu menyuların çoxunda yumurta, pendir, çörək, toyuq filesi, şorba, salat, xurma və su əsas yer tutur. Ümumilikdə bu məhsullar sağlamdır, lakin problem onların miqdarında və balansında ortaya çıxır. Bəzi proqramlarda karbohidratlar həddindən artıq azaldılır, yağlar tamamilə çıxarılır və ya protein normadan artıq verilir. Bu isə uzunmüddətli oruc fonunda orqanizmdə enerji çatışmazlığı yarada bilər”.
Ekspertin fikrincə, düzgün Ramazan menyusu ilk növbədə sahur üzərində qurulmalıdır:
“Sahurda (imsak) yalnız çay və çörəklə kifayətlənmək, yaxud ümumiyyətlə sahuru buraxmaq sağlamlıq baxımından risklidir.
Sahurda kompleks karbohidratlar, zülal və faydalı yağlar mütləq olmalıdır. Məsələn, tam buğda çörəyi, yulaf, yumurta, qatıq, pendir, qoz-fındıq və tərəvəzlər gün ərzində enerjinin sabit qalmasına kömək edir.
İftarda isə, çoxlu yağlı yeməklər, qızartmalar, şirniyyatlar və qazlı içkilər Ramazan menyularının ən böyük problemlərindən biridir.
Bir çox diet proqramı kağız üzərində balanslı görünsə də, real həyatda insanlar iftar zamanı porsiyalara nəzarət edə bilmir. Uzun ac qalmaqdan sonra birdən-birə ağır yeməklər qəbul etmək mədə-bağırsaq sistemində problemlər, köpmə, reflüks və yuxululuq yaradır”.
Ramazan dietası elanı ilə müştəri yığan qrupların təsirlərinə toxunan dietoloq qeyd edir ki, bu proqramların müsbət tərəfi insanlara müəyyən intizam qazandırmasıdır:
“Qrup şəklində dietaya əməl etmək, nəticələri paylaşmaq və motivasiya almaq bəzi şəxslər üçün faydalı olur. İnsanlar daha çox su içməyə, gecə yeməklərindən uzaq durmağa və lazımsız qəlyanaltıları azaltmağa başlayırlar.
Bəzi qruplarda sürətli çəki itkisi əsas məqsəd kimi təqdim olunur. Bu zaman kalorilər kəskin şəkildə azaldılır və orqanizm lazımi qida maddələrini tam ala bilmir. Nəticədə Ramazan ayının sonunda çəki azalsa belə, sonradan bu kilo tez bir zamanda geri qayıdır. Bundan əlavə, saç tökülməsi, yorğunluq, vitamin çatışmazlığı və immun sisteminin zəifləməsi kimi problemlər də yarana bilər”.
Dietoloqun sözlərinə görə, sağlam Ramazan dietası arıqlamaq deyil, bədənin balansını qorumaq üzərində qurulmalıdır:
“Ay ərzində əsas məqsəd maddələr mübadiləsini pozmamaq, su balansını saxlamaq və orqanizmi zəiflətməməkdir.
Çəki itkisi baş verərsə, bu təbii və tədricən olmalıdır.
İdeal Ramazan menyusunda iftar zamanı əvvəlcə su və xurma ilə başlanmalı, sonra yüngül şorba və salat qəbul edilməli, əsas yemək isə az yağlı və ölçülü porsiyada olmalıdır. Sahurda isə uzun müddət toxluq verən qidalar seçilməlidir. Gecə saatlarında şirniyyat və ağır yeməklərdən uzaq durmaq da vacibdir.
Hər kəs sosial şəbəkələrdə gördüyü hazır menyulara kor-koranə əməl etməməlidir. Əgər insanın şəkərli diabet, mədə problemi, təzyiq və ya digər xroniki xəstəliyi varsa, mütləq fərdi məsləhət almalıdır. Çünki Ramazan dietası hər kəs üçün eyni nəticəni vermir”.
Tunar
NOCOMMENT.az












