Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin sakinləri səhər saatlarından etibarən qazsız qalıblar.
Sakinlərin bildirdiyinə görə, problem hələ də aradan qaldırılmayıb və mənzillərə təbii qazın verilişi bərpa olunmayıb. Məsələ ilə bağlı kompleksin komendantlığından sakinlərə verilən məlumata görə yaşayış kompleksindəki 7-ci binanın sakinlərindən biri su xəttini səhvən qaz xəttinə qoşub.
İddialara görə, nəticədə qaz sisteminə su dolub. Bu isə təkcə bir binada deyil, 8 binada qaz təchizatının dayanmasına səbəb olub. Hazırda qaz xətlərində yaranmış problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilir.
Sakinlər deyirlər ki, səhərdən bəri qazın olmaması məişətdə ciddi çətinliklər yaradıb. Xüsusilə yemək hazırlanması və isti su təminatında problemlər yaranıb. Musavat.com











