Bakının Nəsimi rayonunda, Süleyman Rüstəmov küçəsində təhlükəli vəziyyət yaranıb.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, Azərbaycan Slavyan Universitetinin və 46 nömrəli orta məktəbin yaxınlığında yerləşən ərazidə zamanında budanmayan ağaclar insanlara və onların mülklərinə ziyan vurma riskləri yaradır.
Bu küçədən gün ərzində yüzlərlə tələbə, müəllim və şagird istifadə edir. Gediş-gəlişin çox olduğu ərazidə iri ölçülü, vaxtında budanmayan ağacların yaratdığı risk isə hər keçən gün artır.
Sakinlərin bildirdiyinə görə, məsələ ilə bağlı artıq Nəsimi Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.
Lakin indiyədək heç bir reaksiya və ya tədbir görülməyib.
Xüsusilə küləkli və yağışlı havalarda vəziyyət daha da kritikləşir.
Yerində müşahidələr göstərir ki, güclü külək və ya yağış zamanı ağacların aşması və ya iri budaqların qopması real təhlükə mənbəyidir.
Sakinlər haqlı olaraq sual edir: müvafiq qurumlar mütləq bir bədbəxt hadisənin baş verməsini gözləyirlər?
Mütəxəssislər də bildirirlər ki, bu cür hallarda vaxtında görülən profilaktik tədbirlər – ağacların budanması və ya təhlükəli olanların götürülməsi – mümkün faciələrin qarşısını ala bilər. Məsələ ilə bağlı aidiyyəti qurumların operativ reaksiya verməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi gözlənilir.
Təhlükəli vəziyyəti əks etdirən görüntüləri təqdim edirik:
Sara
NOCOMMENT.az












