Türkiyənin Antalya şəhərinin Alanya rayonunda keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu və "Alanyaspor" klubunun prezidenti Həsən Çavuşoğlunun qardaşı, tanınmış iş adamı Aydın Çavuşoğlu özünə məxsus yanacaqdoldurma məntəqəsindəki ofisində güllə yarası ilə tapılıb.
NOCOMMENT.az xəbər verir ki, ötən axşam saatlarında ofisdən gələn atəş səsindən sonra hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Ağır yaralı halda tapılan Aydın Çavuşoğlu xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub və hazırda reanimasiya şöbəsində yerləşdirilib. Həkimlər onun vəziyyətinin ciddi olduğunu və həyati təhlükəsinin davam etdiyini bildirirlər.
Hadisənin baş verdiyi yanacaqdoldurma məntəqəsində və ofisdə polis tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb. Baş verənlərlə bağlı xəbər yayıldıqdan sonra xəstəxananın qarşısında izdiham yaranıb; Aydın Çavuşoğlunun yaxınları və çox sayda vətəndaş vəziyyəti izləmək üçün əraziyə axın edib.
Antalya valisi Hulusi Şahin də xəstəxanaya gedərək iş adamının səhhəti ilə maraqlanıb və aidiyyəti şəxslərdən məlumat alıb. Hazırda xaricdə səfərdə olan keçmiş xarici işlər naziri və AK Partiya Antalya millətvəkili Mövlud Çavuşoğluna hadisə barədə məlumat verildiyi və onun təcili olaraq şəhərə qayıdacağı gözlənilir. Faktla bağlı başlanılmış rəsmi təhqiqat davam etdirilir.
Sara,
NOCOMMENT.az











