Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən 498 saylı orta məktəbin coğrafiya müəllimi, milliyətcə azərbaycanlı olan Kamran Manaflı instaqram sosial şəbəkəsində müharibə əleyhinə yazdığı paylaşımdan sonra işdən qovulub.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məktəbdə müəllimləri Ukraynadakı vəziyyəti şagirdlərə necə izah edilməsi ilə bağlı təlimatlandırıblar. Bununla razı olmayan Kamran Manaflı həmin görüşdən sonra instaqramda Ukraynada aparılan müharibə əleyhinə post paylaşıb. İşlədiyi məktəbin baş müəllimi zəng edib postu silməyini tələb edib, əks halda işdən çıxarılacağı ilə bağlı xəbərdarlıq edib.
Daha sonra müəllimdən izahat və işdən çıxma ərizəsi yazmaq istənilib. Əşyalarını götürmək və şagirdlərlə sağollaşmaq üçün məktəbə gələndə onu içəri buraxmayıblar. Hadisə yerində münaqişə olub, polis çağırılıb.
Kamran Manaflının bu addımı rusiyalı şagirdlərdən böyük dəstək alıb və dünya mediasının gündəminə çevrilib.













