Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşşenko ötən gün Rusiya-Ukrayna müharibəsinin qarşıdakı 2-3 həftə içərisində sona çatacağını bildirib.
Bəs bu proqnoz nə qədər realdır?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Tofiq Abbasov Bakupost -a açıqlama verib.
O, aprel ayının sonlarına doğru Ukrayna-Rusiya müharibəsinin həll yolunun tapılacağını qeyd edib.
“Aprel ayına qədər atəşkəsin olmayacağını düşünürəm. Ora ağır texnika daşınıb, hava hücumları davam edir. Ukrayna Qərb tərəfindən də silahlandırılır. Xüsusi kanallarla, diplomatik xətlərlə danışıqlar aparılarsa, müharibənin gedişində həll yolu tapmaq olar. Kontakt tam pozulmayıb, məsləhətləşmələr üçün addım atılır. Adətən belə hallarda daha çox sülhdən danışan qüvvələr çalışır ki, atəşkəs əldə olunmasın. Dünya səviyyəsində ictimai və ya siyasi formatda çağırışlar olmalıdır ki, onlar silahı yerə qoysunlar”.

T.Abbasov müharibənin hər iki ölkə üçün mənfi cəhətlərini sadalayıb:
“Bu prosesin dərin kökləri var. Ukrayna öz müstəqilliyini elan etdikdən sonra Qərb yönümlülərlə şərqpərəstlərin həmişə qarşıdurmaları olurdu. Ukraynada konfransaların birində onların əlbəyaxa dava etdiklərinin şahidi oldum. Bu mübahisələr 2013-cü il may-iyun ayında baş verirdi. 2014-cü il olanda proqnoz vermişdim ki, hətta bu ölkədə vətəndaş müharibəsi də ola bilər. İndi gördüklərimiz də vətəndaş müharibəsinin çalarlarını özündə əks etdirir. Ukrayna dövlət kimi öz mövcudluğunu sual altında qoyub. Burada həm Rusiya tərəfindən müdaxilə, həm də separatizm meyilləri var. Bütün proseslər bir-birinə qarışıb və dərin böhran yaşanır. Atəşkəs əldə oluna bilər, amma bu o demək deyil ki, məsələ həllini tapacaq. Çünki orada münaqişə beynəlmiləlləşib, bir çox ölkələrin orada maraqları var. Qərb Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirir. Amerikanın təşəbbüskarlığı ilə artıq 4-cü paket sanksiyalar da hazırlanır. Onlar Rusiyanı bütün beynəlxalq platformalardan təcrid etmək istəyirlər. Fiziki və hüquqi şəxslərə, dövlət qurumlarına, eləcə də, onların rəhbərlərinə qarşı məhdudlaşdırcı tədbirlər tətbiq olunur”.












