Rusiya Prezidenti Vladimir Putin malların və xidmətlərin bütün formalaşma zənciri boyunca qiymətlərin monitorinqini nəzərdə tutan yeni qanunu imzalayıb.
Sara, NOCOMMENT.az xəbər verir ki, yeni mexanizm bazar iştirakçıları üzərində nəzarəti gücləndirməklə gözlənilən qiymət artımı səbəbindən yarana biləcək sosial narazılıq risklərini azaltmaq məqsədi daşıyır.
2027-ci ildən etibarən Rosstat-ın inflyasiyanın hesablanmasında nəzərə aldığı mal və xidmətlər monitorinqə tabe olacaq. İndiyə qədər Federal Antinhamar Xidməti böyük ticarət şəbəkələrinin pərakəndə qiymət əlavələrini həftəlik əsasda təhlil edirdi. Bundan başqa, ət, balıq, yağ, süd, yumurta, şəkər, yarmalar, çörək və tərəvəzləri əhatə edən sosial əhəmiyyətli malların siyahısı mövcuddur ki, onlar üçün maksimum yol verilən əlavələr müəyyən edilir və xüsusi "Sosial mal" qiymət etiketləri tətbiq olunur.
Mənbələrin qeyd etdiyinə görə, qanunun qəbul edilməsi iki əsas amillə – bazar qiymətlərinin tənzimlənməsi mexanizmlərinin tədricən məhdudlaşdırılması və ərzaq inflyasiyası fonunda narazılıq ehtimalları ilə əlaqədardır. Əhalinin qiymət artımlarını digər sahələrə nisbətən daha ağrılı qəbul etdiyi vurğulanır.
Yeni qanun sayəsində hökumət Federal Vergi Xidmətinin məlumatlarına, o cümlədən vergi bəyannamələrinə, mühasibat hesabatlarına və audit rəylərinə çıxış əldə edəcək. Bu, istehsalçı, emal müəssisəsi, distribütor və ticarət şəbəkəsində qiymət, gəlir, xərc və mənfəəti izləməyə, həmçinin əsassız qiymət artımının hansı mərhələdə yarandığını müəyyənləşdirməyə imkan verəcək.
Dövlət Duma tərəfindən iyulun 22-də qəbul edilən və prezident tərəfindən 2026-cı il avqustun 4-də imzalanan qanunun parlament seçkiləri öncəsi hakim partiya tərəfdən inflyasiyaya nəzarətin sübutu kimi istifadə olunacağı gözlənilir. Rəsmi olaraq isə sənədin zəruriliyi sərt bahalaşma səbəblərini vaxtında aşkar etmək və istehsalçıları ticarət şəbəkələrinin təzyiqindən qorumaq məqsədi ilə izah edilir.
Mütəxəssislər hesab edirlər ki, nəzarətin gücləndirilməsi qiymət artımını müvəqqəti olaraq səngitsə də, nəticədə məhsulların keyfiyyətinin aşağı düşməsinə, tərkibinin dəyişməsinə və qablaşdırma çəki/həcm manipulyasiyalarına səbəb ola bilər.
Sara,











