İranda ətin sosial şəbəkələr üzərindən kreditlə, hissə-hissə satılması ilə bağlı yayılan məlumatlar regionda dərinləşən iqtisadi problemlərin və əhalinin alıcılıq qabiliyyətinin ciddi şəkildə zəifləməsinin açıq göstəricisi kimi qiymətləndirilir.
“Azad İran” və yerli media mənbələrinin yaydığı xəbərlərə görə, son dövrlərdə ölkədə güzəştli valyuta mexanizminin ləğv olunması və ərzaq məhsullarının, xüsusilə də ətin qiymətinin kəskin bahalaşması nəticəsində insanlar bu əsas qida məhsulunu artıq birdəfəlik almaqda çətinlik çəkirlər. Nəticədə sosial mediada ətin yarısı əvvəlcədən, qalan hissəsi isə bir neçə ay ərzində ödənilməklə satılması geniş yayılıb.
Mütəxəssislərin fikrincə, ərzaq məhsullarının kreditlə satılması artıq təkcə məişət texnikası və ya bahalı mallara xas deyil, insanların gündəlik tələbatına daxil olan əsas qida məhsullarına da sirayət etməyə başlayıb. Bu isə cəmiyyətin real sosial-iqtisadi vəziyyətinin nə qədər ağırlaşdığını göstərir. Ət kimi vacib ərzaq məhsulunun hissə-hissə alınması faktiki olaraq orta və aşağı gəlirli təbəqənin minimum yaşayış standartlarını belə qorumaqda çətinlik çəkdiyini sübut edir.
Bu vəziyyətin region üçün təhlükəli tərəfi ondan ibarətdir ki, oxşar iqtisadi təzyiqlər təkcə İran üçün deyil, qonşu ölkələr, o cümlədən Azərbaycan üçün də müəyyən risklər yaradır. Azərbaycanda da son illərdə ərzaq məhsullarının, xüsusilə ətin qiymətinin durmadan artması əhalinin büdcəsinə ciddi təsir göstərir. Rəsmi statistikada inflyasiya səviyyəsi nisbətən aşağı göstərilsə də, bazarlardakı real qiymətlər və gündəlik xərclər tamamilə fərqli mənzərə yaradır.
Hazırda Azərbaycanda da mal və qoyun ətinin qiyməti bir neçə il əvvəllə müqayisədə xeyli artıb. Əgər bir müddət əvvəl ailələr ayda bir neçə dəfə rahatlıqla ət ala bilirdilərsə, indi bir çoxları üçün bu, artıq planlaşdırılmış xərcə çevrilib. Sosial şəbəkələrdə və bazarlarda qiymətlərlə bağlı narazılıqların artması, əhalinin alternativ və daha ucuz məhsullara yönəlməsi bunu açıq şəkildə göstərir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, İranda yaranan vəziyyət iqtisadi böhranın sosial həyatdakı real təzahürüdür və bu cür hallar hər bir ölkə üçün ciddi xəbərdarlıq siqnalıdır:
“Ət kimi əsas qida məhsulunun kreditlə satılması artıq iqtisadi sistemin normal işləmədiyini göstərir. Bu o deməkdir ki, insanların gəlirləri inflyasiya tempinə uyğun artmır, əksinə, real gəlirlər azalır. İranda bu proses illərdir davam edən sanksiyalar, valyuta problemləri və idarəetmə çatışmazlıqları ilə bağlıdır. Nəticədə insanlar ən elementar ehtiyaclarını belə borcla ödəməyə məcbur qalırlar.”
Ekspertin sözlərinə görə, Azərbaycanda da oxşar risklər mövcuddur və qiymət artımı davam edərsə, müəyyən müddətdən sonra bənzər tendensiyalar yarana bilər:
“Hazırda Azərbaycanda vəziyyət İran səviyyəsində deyil, amma təhlükəli tendensiya mövcuddur. Ət istehsalında problemlər, yem qiymətlərinin bahalaşması, idxaldan asılılıq və logistika xərclərinin artması qiymətləri yuxarı çəkir. Əgər əhalinin gəlirləri bu artımla paralel yüksəlməzsə, bir müddət sonra insanlar əsas ərzaq məhsullarını da kreditlə almağa meyllənə bilər”.
Əkrəm Həsənov qeyd edib ki, problemin kökündə təkcə qiymət artımı deyil, gəlir siyasətinin zəifliyi dayanır:
“Dövlətin əsas vəzifəsi yalnız bazara nəzarət etmək deyil, eyni zamanda əhalinin real gəlirlərini artırmaqdır. Əgər maaşlar, pensiyalar və sosial ödənişlər inflyasiyanı qabaqlamırsa, qiymətlərin inzibati yolla tənzimlənməsi də nəticə verməyəcək. İnsanlar yenə də alıcılıq qabiliyyətini itirəcəklər”.
Onun fikrincə, İranda ətin hissə-hissə satılması həm də sosial psixologiyaya mənfi təsir göstərir:
“Bu cür hallar cəmiyyətdə ümidsizlik, sabaha inamsızlıq yaradır. İnsan öz ailəsini normal qida ilə təmin edə bilməyəndə sosial narazılıq artır. Bu da uzunmüddətli perspektivdə daha böyük problemlərə yol açır.”
Ekspert hesab edib ki, Azərbaycanda belə vəziyyətin qarşısını almaq üçün yerli istehsalın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Ət və yem məhsulları üzrə daxili istehsal artırılmalıdır. Fermerlərə real dəstək verilməli, subsidiya mexanizmləri şəffaflaşdırılmalıdır. İdxaldan asılılıq nə qədər az olsa, qiymətlər də bir o qədər sabit olar. Əks halda, xarici bazarlardakı hər dəyişiklik dərhal daxili qiymətlərə təsir edir. Bundan başqa, hesab edirəm ki, İranda yaranmış vəziyyət region ölkələri üçün ciddi dərs olmalıdır. Əsas ərzaq məhsullarının kreditlə satılması artıq sosial təhlükəsizlik məsələsinə çevrilir. Bu, təkcə iqtisadi yox, həm də demoqrafik və psixoloji problemlər yarada bilər. Ailələrin qidalanma səviyyəsinin aşağı düşməsi sağlamlıq problemlərinə, uşaqların inkişafına mənfi təsirə və uzunmüddətli sosial risklərə gətirib çıxarır”.
Tunar











