Səslərin 90%-i hesablandı - Paşinyan liderdir

Səslərin 90%-i hesablandı - Paşinyan liderdir

Ermənistanda keçirilən parlament seçkilərində səslərin böyük hissəsinin hesablanması başa çatıb və ilkin nəticələr ölkədə hakim partiyanın üstünlüyünü göstərir.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata əsasən, saat 08:00-a olan nəticələrə görə, ölkə üzrə fəaliyyət göstərən 2005 seçki məntəqəsindən 1878-nin protokolları artıq işlənib. Hazırda bülletenlərin təxminən 90 faizinin hesablandığı bildirilir.

İlkin nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası 50,25 faiz səslə seçkilərdə lider mövqedə qərarlaşıb. Müxalif “Güclü Ermənistan” bloku 23,31 faiz səslə ikinci, “Ermənistan” bloku isə 9,78 faizlə üçüncü sırada yer alıb.

Bununla yanaşı, “Çiçəklənən Ermənistan” partiyası 4,02 faiz səs toplayaraq parlamentə keçid həddinə yaxın nəticə göstərib. Digər siyasi partiyaların isə hələlik 4 faizlik baryeri aşa bilmədiyi qeyd olunur.

Qeyd edək ki, seçkilərin yekun nəticələrinin yaxın saatlarda Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən tam şəkildə açıqlanacağı gözlənilir.