Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət yayıb.
NOCOMMENT.az xəbər verir ki, Solmaz Cavadlı artıq 5 gündür qızı və nəvələrindən heç bir xəbər ala bilmədiyini bildirib.
O, müraciətində deyib:
"Bu gün 7 iyun 2026-cı ildir. Ana kimi çox həyəcanlıyam. Artıq 5 gündür ki, qızım Zeynəb və nəvələrimdən xəbər tuta bilmirəm. Onları hara və necə apardıqlarından xəbərimiz yoxdur. Qızımı və nəvələrimi axtarıram. Bu videomüraciəti yaymaqda məqsədim qızım Zeynəbə və nəvələrimə hər kəsin həmrəy olmasıdır. Bütün Azərbaycan xalqını, bütün dünyanı bizə kömək etməyə çağırıram".
Xatırladaq ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Məlumata görə, Zeynəbə dəstək olmaq üçün Dubaya yollanan anası Solmaz Cavadlının da evə daxil olmasına icazə verilməyib və onun ölkədən çıxışına qadağa qoyulduğu iddia olunur.
Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası ə verilməsi barədə qərar çıxardığı məlum olub. Sözügedən məhkəmə sənədində zərurət yaranacağı təqdirdə hökmün "məcburi qaydada və zor tətbiq edilməklə" icra oluna biləcəyi xüsusi olaraq vurğulanıb./musavat.com/











