Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Xalidə Hüseynova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lambarda qızıllarını girov qoyub.
“Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Yasamal Rayon Prokurorluğuna getdim. Məlum oldu ki, orada mənim kimi bir neçə zərərçəkmiş də var. Şikayətimdən təxminən 14 gün sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı heç bir şikayətim yoxdur”.
Digər zərərçəkmiş Hicran Məmmədovanın sözlərinə görə, lombarda qızıllarını qoyaraq 600 manat pul götürüb: “Lombarda gedəndə bağlı olduğunu gördüm. Hamı kimi mən də polisə şikayət etdim və təxminən 1 aydan sonra qızıllarımı geri qaytardılar”.
Zərərçəkmiş Samirə Abdullayeva bildirib ki, girov qoyduğu qızıllarını şikayətindən 2 ay sonra ala bilib.
Hazırda proses davam edir.












