ŞOK! Süni intellektin görünməyən üzü – DETALLAR

ŞOK! Süni intellektin görünməyən üzü – DETALLAR

Son dövrlər süni intellekt texnologiyalarının sürətlə yayılması ilə yanaşı, ciddi risklər də üzə çıxmağa başlayıb.

Xüsusilə axtarış sistemləri, avtomatik mətn yaradan platformalar və məlumat toplayan süni intellekt modelləri bəzi hallarda insanlar haqqında yanlış, təhrif olunmuş və təhlükəli məlumatlar təqdim edir.

Bunun ən narahatedici nümunələrindən biri isə siyasi mövzularda danışan şəxslərin sonradan radikal və ya terror təşkilatlarının üzvü kimi təqdim olunmasıdır

Məsələn, SEPAH haqqında analitik fikir bildirən bir şərhçinin süni intellekt tərəfindən “SEPAH üzvü” kimi göstərilməsi gələcəkdə həmin şəxs üçün ciddi hüquqi və beynəlxalq problemlər yarada bilər.

Mövzu ilə bağlı İT mütəxəssisi Riyad Ağazadə NOCOMMENT.az-a bildirib ki, bu problem süni intellekt sistemlərinin işləmə prinsipi ilə birbaşa bağlıdır.

Onun sözlərinə görə, böyük dil modelləri internetdə mövcud olan milyardlarla mənbədən məlumat toplayaraq öyrədilir və bu məlumatlar arasında həmişə dəqiq yoxlama aparılmır:

“Süni intellekt mətnləri “mənaya görə əlaqələndirmə” prinsipi ilə emal edir. Yəni sistem bir şəxsin adını, onun danışdığı mövzunu və müəyyən açar sözləri eyni kontekstdə gördükdə, avtomatik olaraq onlar arasında əlaqə qurur. Məsələn, bir politoloqun tez-tez SEPAH haqqında danışması, analiz verməsi və ya tənqidi yazılar yazması alqoritm tərəfindən “SEPAH-la bağlı şəxs” kimi yadda saxlanıla bilər. Zamanla bu əlaqə təhrif olunur və “üzv”, “əlaqəli şəxs” kimi yanlış nəticə ortaya çıxır”.

Mütəxəssisin sözlərinə görə, bunun əsas səbəblərindən biri “hallüsinasya” adlanan texniki problemdir:

Bu zaman süni intellekt real məlumat tapmadıqda özü məntiqə uyğun görünən, amma həqiqətdə yanlış olan məlumat yaradır. Sistem faktı yox, ehtimalı əsas götürür. Əgər internetdə bir şəxs haqqında kifayət qədər dəqiq məlumat yoxdursa, model boşluğu öz “təxminləri” ilə doldurur. Başqa bir problem də qeyri-peşəkar mənbələrin çoxluğudur. Sosial şəbəkələrdə, forumlarda və bloglarda yayılan şayiələr, təhrif olunmuş xəbərlər də süni intellektin bazasına daxil olur. Sistem bunları rəsmi mənbələrdən ayırd etmədikdə, yanlış informasiya “həqiqət” kimi təqdim edilir”.

Məsələnin hüquqi tərəfini saytımıza şərh edən hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, süni intellekt tərəfindən yayılan yanlış məlumatlar şəxsin reputasiyasına, təhlükəsizliyinə və hüquqlarına birbaşa zərər vura bilər:

“Əgər bir şəxs terror təşkilatı ilə əlaqəli kimi təqdim olunursa, bu, beynəlxalq hüquqi nəticələr doğura bilər. Belə məlumatlar viza müraciətlərində, sərhəd nəzarətində, bank əməliyyatlarında və hətta təhlükəsizlik yoxlamalarında problem yarada bilər. Şəxs real həyatda heç bir əlaqəsi olmadığı halda “riskli kateqoriya”ya salına bilər. Bu hal hüquqi baxımdan böhtan və şəxsi məlumatların təhrif edilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin şərəf və ləyaqətinə zərər vuran, onu cəmiyyətdə mənfi təqdim edən məlumatların yayılması məsuliyyət yaradır. Məlumat süni intellekt tərəfindən yayılsa belə, platforma və xidmət sahibi hüquqi məsuliyyətdən azad edilmir”.

Hüquqşünasın sözlərinə görə, belə vəziyyətlə üzləşən şəxs ilk növbədə sübutları toplamalıdır.

“Yanlış məlumatın yayıldığı səhifələrin ekran görüntüləri, linklər, tarixlər və platforma adları saxlanılmalıdır. Daha sonra həmin platformaya rəsmi müraciət edilərək məlumatın düzəldilməsi və silinməsi tələb olunmalıdır.

Əgər platforma reaksiya verməzsə, vətəndaş məhkəməyə müraciət edə bilər. Məhkəmə həm məlumatın silinməsini, həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququ verir. Eyni zamanda, beynəlxalq platformalar üçün müvafiq ölkələrin hüquqi mexanizmlərindən də istifadə etmək mümkündür”.

Hüquqşünas qeyd edib ki, gələcəkdə bu tip problemlərin artacağı gözlənilir və buna görə də dövlətlər süni intellektin fəaliyyətini tənzimləyən xüsusi qanunlar hazırlamalıdır.

Şəxsin razılığı olmadan onun haqqında riskli və təhlükəli kateqoriyalar yaratmaq yolverilməzdir.

Tunar