Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatması və İrandan İsrail ərazisinə birbaşa raket zərbələrinin endirilməsindən sonra rəsmi Tehrandan vəziyyəti daha da gərginləşdirəcək bəyanat gəlib. İran Silahlı Qüvvələrinin ali komandanlığı Tel-Əvivə və onun müttəfiqlərinə qarşı hərbi xəbərdarlıqlar ünvanlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı rəsmi bəyanat yayıb.
Qərargahın bəyanatında bildirilir ki, İsrail ordusu Livanın cənubuna və paytaxt Beyrutun Dahiya rayonuna endirdiyi kütləvi zərbələri dərhal dayandırmalıdır. Sənəddə qeyd olunur ki, İsrail tərəfi ABŞ-ın birbaşa hərbi-siyasi dəstəyi və "beynəlxalq təşkilatların səssiz razılığı" fonunda atəşkəs rejimini intensiv şəkildə pozmaqda və Livana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməkdə davam edir.
Tehran rəhbərliyi bəyan edib ki, Beyrutun Dahiya rayonuna edilən hücumların ağır fəsadları barədə İsrail tərəfi əvvəllər də xəbərdar edilib və mövcud vəziyyətdə Tel-Əviv regional təhlükəsizlik kontekstində "bütün qırmızı xətləri keçib".
İran hərbi komandanlığı açıq şəkildə hədələyib ki, hərbi gərginliyin daha da artırılması və ya İrana qarşı hər hansı cavab addımlarının atılması reallaşacağı təqdirdə, İsrail və onun müttəfiqləri növbəti mərhələdə daha güclü, amansız və dağıdıcı zərbələrə məruz qalacaqlar. Bəyanatda həmçinin vurğulanıb ki, Beyrutdakı hərbi əməliyyatların coğrafiyası genişlənəcəyi təqdirdə, Tehran birbaşa İsrail ərazisindəki strateji hədəfləri və hərbi məntəqələri birbaşa hədəf almağa tam hazırdır.
Əli Səfərli












