Barselona şəhərində yerləşən yeddi əsrlik bir monastır son dövrlərin ən diqqətçəkən arxeoloji kəşflərindən birinə ev sahibliyi edib.
NOCOMMENT.az xəbər verir ki, Barselona Mədəniyyət İnstitutu 14-cü əsrə aid Santa Maria Pedralbes kral monastırının banisi Kraliça Elisenda de Montcada və onun yaxın çevrəsinə aid səkkiz tarixi məzarın açıldığını açıqlayıb.
Qurumun 700 illik yubiley tədbirləri çərçivəsində aparılan araşdırmalarda ilkin məqsəd yalnız kraliçanın həyatı və dövrün rahibə icması barədə məlumat toplamaq idi. Lakin məzar örtükləri açıldıqdan sonra tarixçiləri və tibb mütəxəssislərini heyrətləndirən mənzərə ortaya çıxıb. Mütəxəssislər kraliçadan əlavə bıçaqlanaraq öldürülmüş kişilərə və hamiləlik dövründə həyatını itirmiş bir qadına aid olduğu düşünülən ümumilikdə 25 skelet aşkarlayıblar.
Araqon və Valensiya krallıqlarının kraliçası olan Elisenda 30 yaşında Kral II Xames ilə evlənmişdi. Ərinin yaşlılıq dövründəki xəstəliyi zamanı katolik rahibələr üçün bu monastırı inşa etdirən kraliça, kralın vəfatından sonra saray həyatını tamamilə tərk edib. Ömrünün sonuna qədər monastırın yanında kiçik bir köşkdə tənha həyat sürsə də, bu zahirən dindar və sakit həyatın arxasında böyük bir saray dramının olduğu ortaya çıxıb.
Tədqiqatçılar Kraliça Elisendanın məzarını araşdırarkən kilsə ilə monastır həyətini ayıran alçaq divarla iki hissəyə bölünmüş xüsusi bir memarlıq quruluşu müəyyən ediblər. Sümüklərin kiçik taxta qutuya yerləşdirilməsi kraliçanın bu formada dəfn edilməsinin şüurlu seçim olduğunu göstərir. Bu üsul Elisendanın həm kilsəyə baxan tərəfdə güclü hökmdar, həm də monastır tərəfdə günahlarından təmizlənən sadə bir şəxs kimi xatırlanmasını nəzərdə tuturdu.
İlkin sümük analizləri tarixi qeydləri təsdiqləyir. Kraliçanın 70 yaşlarında, ağır oynaq xəstəlikləri ilə dünyasını dəyişdiyi müəyyən edilib. Sadə rahibə geyimində dəfn olunan kraliçanın məzarından isə qızıl işləməli ipək parçalar və dəfn mərasimi üçün istifadə olunmuş qurudulmuş rozmarin və mersin bitkisi qalıqları aşkar edilib.
Əsas sirr isə kraliçanın yaxın çevrəsinə aid digər məzarlarda üzə çıxıb. Monastırın ilk baş rahibəsi Sobirana Olzetə aid skeletin ölüm anında və ya dərhal əvvəl üz nahiyəsindən çox ağır bıçaq zərbəsi aldığı müəyyən olunub. İkinci baş rahibə Françeska Saportellaya aid olduğu düşünülən məzarda isə vəziyyət daha da mürəkkəbdir. Burada tək bir deyil, müxtəlif dövrlərə aid olmaqla üst-üstə yığılmış ən az doqquz nəfərin sümükləri aşkarlanıb. Üstəlik, bu skeletlər arasında dörd kişi kəlləsində ölümcül bıçaq izləri müəyyən edilib. Eyni məzarda tibb tarixçilərini heyrətləndirən başqa bir tapıntı isə 20–23 həftəlik hamilə ikən həyatını itirmiş bir qadına aid qalıqlar və ana bətnindəki dölün izləri olub.
Arxeoloqlar məzarlarda tapılan şəxslərin əksərinin yaşlı zadəgan qadınlar olduğunu bildirsələr də, bıçaqlanmış kişilərin və hamilə qadının monastırın mərkəzində necə və niyə dəfn edildiyi hələ də aydın deyil. Hazırda kraliçanın DNT xəritəsinin yalnız 6 faizi oxuna bilib. Alimlər sümük və diş nümunələri üzərində aparılan genetik analizlə bu şəxslərin qohumluq əlaqələrini və keçirdikləri xəstəlikləri müəyyən etməyə çalışır.
Məzarlardan çıxarılan orta əsr musiqi notları, perqamentlər və bitki qalıqları da laboratoriyalarda araşdırılır. Bütün bu sirr perdesinin tam açılmasının 2027-ci ilin ortalarında mümkün olacağı gözlənilir./Qayanrinfo/











