MİT-i şoka salan ekiz bacılar: KQB-nin Suzan və Sara oyunu - DƏHŞƏTLİ FAKTLAR

MİT-i şoka salan ekiz bacılar: KQB-nin Suzan və Sara oyunu - DƏHŞƏTLİ FAKTLAR

Türkiyədə səs-küy yaradacaq yeni casusluq romanı: MİT, KQB və MOSSAD üçbucağında dəhşətli oyun Sovetlər dönəmində MİT, KQB və MOSSAD-ın gizli fəaliyyətləri üzərində qurulan məşhur romanların müəllifi Əzimə Ağalarova yeni əsərinin detalları ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, Reaksiya Tv-nin efirində qonaq olan yazıçının danışdığı hadisələr 50–60-cı illərin SSRİ dövründə baş verir və oxucunu casusluq, xəyanət, ailə faciəsi və böyük dövlət oyunlarının mərkəzinə aparır.

Romanın əsas qəhrəmanı Suzan adlı qızdır. Görünüşcə son dərəcə zərif, sakit və sevgi dolu biri olan Suzan günlərin birində Türkiyədə MİT tərəfindən saxlanılır. Türk kəşfiyyatı onu sovet agenti hesab edir. Halbuki nə Suzan, nə də ailəsi illərlə onların həyatına qarşı qurulan qorxunc oyundan xəbərdar idi.

Məlum olur ki, SSRİ dövründə KQB-nin gizli proqramı mövcud olub. İddialara görə, müsəlman respublikalarında, xüsusilə ekiz doğulan uşaqların birini ailələrdən gizli şəkildə ayırır, onu ölü kimi göstərərək Moskvaya aparırdılar. Həmin uşaqlar sonradan xüsusi düşərgələrdə qəddar və peşəkar agent kimi yetişdirilirdi.

Suzanın da Sara adlı ekiz bacısı olur. Ailə illərlə Saranın doğuş zamanı öldüyünü düşünür. Əslində isə Sara Moskvada xüsusi hazırlıq keçərək KQB agentinə çevrilir. Plan isə daha böyük olur.

O illərdə Türkiyəyə getmək SSRİ vətəndaşları üçün demək olar ki, mümkünsüz idi. Minlərlə insan illərlə icazə ala bilmirdi. Amma Suzanın Türkiyəyə turist kimi getməsinə qəfil icazə verilir. Çünki KQB əslində onun üzərindən böyük əməliyyat qurmuşdu.

Plan belə idi: Suzan Türkiyəyə rəsmi yollarla göndərilir, Sara isə Bolqarıstan sərhədindən gizli şəkildə Türkiyəyə daxil olur. Məqsəd MİT-in diqqətini Suzanın üzərinə yönəltmək və əsl agent olan Saranın rahat fəaliyyət göstərməsini təmin etmək idi.

MİT Suzanı həbs edir. O, dəfələrlə casus olmadığını desə də, heç kim ona inanmır. Çünki bütün faktlar onu göstərirdi. Türkiyədəki əks-kəşfiyyat bölməsinə Moskvadan göndərilən görüntülərdə də guya agent kimi görünən şəxs Suzan idi. Halbuki həmin fotolardakı qadın Sara idi. Sadəcə saç rəngi və görünüş dəyişdirilmişdi.

Hadisələr daha sonra emosional xəttlə davam edir. Türk kəşfiyyatçısı Kamal Suzanla tez-tez görüşməyə başlayır. O, Suzanın günahsız olduğuna inanır və rəhbərliyə də bunu deyir. Lakin ona “kəşfiyyatda hisslərlə yox, faktlarla işləyirlər” cavabı verilir.

Süjetin kulminasiya nöqtəsində Sara kiçik bir səhv edir və yaxalanır. Həmin an MİT-in əks-kəşfiyyat şöbəsinin rəhbəri KQB-nin qurduğu dəhşətli oyunu anlayır. Amma artıq çox gec idi.

Ən təsirli məqamlardan biri isə həbsxanada baş verir. Suzan və Sara ilk dəfə qarşılaşırlar. Onlar bir-birinə qəribə yaxınlıq hiss etsələr də, əslində bacı olduqlarını bilmirlər.

Əzimə Ağalarovanın təqdim etdiyi bu roman sovet casusluğunun ən qaranlıq tərəflərini, insan taleləri üzərində qurulan dövlət oyunlarını və gizli xidmətlərin amansız savaşını oxucuya dramatik şəkildə çatdırır.



Əzimə Ağalarova kimdir?

Əzimə Ağalarova Azərbaycanın tanınmış yazıçılarından biridir. O, 18 mart 1959-cu ildə Zərdab şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Xarici Dillər Universitetinin İngilis-Fransız dilləri fakültəsini bitirib, uzun illər hüquq-mühafizə orqanlarında çalışıb. 1993-cü ildən Almaniyanın Hamburq şəhərində yaşayır.

5 dil bilən yazıçı uzun illər Avropada tərcüməçi kimi fəaliyyət göstərib. 2013-cü ildən başlayaraq dedektiv və psixoloji janrda romanlar yazmağa başlayıb və qısa müddətdə Azərbaycan, Türkiyə və Avropada geniş oxucu auditoriyası qazanıb.

“Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh”, “Yıpranmış hayallerin peşində” və “Ağlayan Duvar” kimi əsərlərin müəllifidir. “Ağlayan Duvar” Türkiyədə ən çox satılan kitablar arasında yer alıb.

Əzimə Ağalarovanın əsərlərində əsasən casusluq, psixoloji gərginlik, insan taleləri və beynəlxalq kəşfiyyat oyunları mövzuları xüsusi yer tutur. Hazırda o, “Bir qadının anatomisi” adlı yeni romanı üzərində çalışır.

Turan
NOCOMMENT.az