Ukrayna tərəfində Rusiyaya qarşı döyüşən Kolumbiyalı muzdlu əsgərin Rusiya ordusu tərəfindən əsir götürüldüyü iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, sosial mediada yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Kadrlarda rus hərbçisinin əsir götürülən şəxsə “Haradansınız?” sualını verdiyi, onun isə “Kolumbiya” cavabını verdikdən sonra “Rusiyaya xoş gəlmisiniz” ifadəsini işlətdiyi görünür.
Beynəlxalq mediada da diqqət çəkən görüntülərin Ukrayna ordusunda xidmət edən xarici döyüşçülər məsələsini yenidən gündəmə gətirdiyi bildirilir. Lakin videonun hansı cəbhədə çəkildiyi və hadisənin dəqiq tarixi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Xarici KİV-lərin məlumatına görə, Ukrayna ordusunda müxtəlif ölkələrdən minlərlə xarici döyüşçü xidmət edir. Xüsusilə keçmiş Kolumbiya hərbçilərinin yüksək maaş səbəbindən Ukrayna sıralarına qoşulduqları qeyd olunur.
Euronews və AP agentliyinin yaydığı məlumatlarda bəzi Kolumbiyalı döyüşçülərin öz ölkələrində qazandıqları məbləğdən bir neçə dəfə artıq maaş aldıqları vurğulanır.
Rusiya tərəfi isə Ukrayna uğrunda döyüşərkən əsir götürülən xarici şəxsləri “muzdlu fəaliyyət” ittihamı ilə məhkəməyə çıxardığını bildirir. Son dövrlər Latın Amerikası ölkələrindən Ukrayna ordusuna qoşulanların sayının artdığı ilə bağlı xəbərlər beynəlxalq mediada daha tez-tez yer almağa başlayıb.
Turan
NOCOMMENT.az












