Şimali Koreya (KXDR) 2026-cı ilin sonuna qədər Cənubi Koreya ilə sərhəd boyunca yeni tip özüyeriyən haubitsaların yerləşdirilməsini planlaşdırır. Bu barədə Şimali Koreyanın mərkəzi xəbər agentliyi (CTAK) məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, ölkə lideri Kim Çen In yeni növ 155 mm-lik özüyeriyən haubitsaların istehsalı ilə tanış olmaq üçün sursat zavoduna baş çəkib. Məlumata görə, bu yeni silahlarla sərhəd bölgəsində yerləşdiriləcək üç artilleriya batalyonu təchiz ediləcək.
Bu texnikanın ən təhlükəli xüsusiyyəti onun atəş məsafəsidir. Belə ki, yeni haubitsaların hədəfi vurma məsafəsi 60 kilometrdən çoxdur. Bu isə Cənubi Koreyanın paytaxtı Seulun və ətraf yaşayış məntəqələrinin birbaşa Şimali Koreya artilleriyasının vuruş zonasına düşməsi deməkdir. Kim Çen In istehsal prosesini yüksək qiymətləndirərək, ordunun döyüş qabiliyyətinin artırılmasının strateji əhəmiyyətini vurğulayıb.
Hərbi analitiklər hesab edir ki, bu addım Koreya yarımadasında onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirəcək. Seul və Vaşinqton isə Şimalın bu cür hərbi aktivliyini yaxından izlədiklərini və lazımi təhlükəsizlik tədbirləri gördüklərini bildiriblər.
Sara,
NOCOMMENT.az












